
"Tovuz səfəri hər zaman çətin keçir. Onların standart vəziyyətləri təhlükəli olur. Bizə böyük problemlər yaratdılar və qol da vurdular. Çalışırdıq ki, daha çox top saxlayaq. Düzdür, top itkilərimiz də çox oldu".
Sportnet.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan Premyer Liqasının XXXIV turunda səfərdə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
33 yaşlı yarımmüdafiəçinin "Turan Tovuz"un cari mövsümdə "Neftçi"ni məğlub edə bilməməsinə münasibəti belə olub: "Bizim problemimiz böyükdür. Cari mövsüm uğursuz oldu. Bizi nəyə görə uda bilmədiklərini bilmirəm, amma çalışmalıyıq ki, daha da yaxşı olaq".
O, komandanın turnir cədvəlində iddiasının qalmaması səbəbindən oyunlara motivasiyasız çıxdığını etiraf edib: "Bu oyunda da motivasiyamızı itirmişdik. Növbəti matçlarda "Neftçi" adına layiqli oyun göstərməyə çalışmalıyıq".
Mahmudov "Neftçi"nin yüksək maliyyə ilə uğur qazana bilməməsinin sadə səbəbini açıqlayıb: "Pis oynadıq, yaxşı nəticələrimiz olmadı. Bu qədər".
Keçmiş kapitan "Neftçi" ilə müqaviləsinin avtomatik bir illik artırılmasının klub rəhbərliyinin qərarından asılı olduğunu söyləyib: "Bu barədə klub qərar verməlidir. Artırılma avtomatikdir".
Mahmudov "Qarabağ" və "Sabah" arasında keçiriləcək Azərbaycan Kubokunun final oyununa baxmayacağını vurğulayıb: "Sabah"a yarımfinalda uduzduğumuz matçdan sonra final oyununa baxmayacağıma qərar verdim".
Azərbaycan milli komandasının kapitanı oyundan sonra formasını şəhid övladına verdiyini söyləyib: "Samir Abasov oyundan sonra köynəyimi istədi və azarkeşə verdi. O, bunu şəhid övladına təqdim etdi".
O, azarkeşlərlərin narazılıqlarını anlayışla qarşıladığını diqqətə çatdırıb: "Daha yaxşı mövsüm və nəticələrlə onları sevindirməliyik. İnanıram ki, gələn mövsüm bundan daha yaxşı olacaq".
Haşım MƏMMƏDOV