
"Hələ hər şey bitməyib. Mayın 31-də kubok finalımız var".
Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan Premyer Liqasının XXXV turunda evdə “Kəpəz”i 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
25 yaşlı müdafiəçi "Sabah" komandasını da məğlub edərək, mövsümü "qızıl dubl"la başa vurmaq istədiklərini vurğulayıb. Lakin o,:UEFA Çempionlar Liqası barədə danışmağın tez olduğunu diqqətə çatdırıb: "Cari mövsüm bitəndən sonra yenidən komanda ilə yığışıb hazırlaşacağıq. İstəyimiz orada da uğurlu nəticə əldə etməkdir".
Mayın 18-də qızıl medallara qovuşan "Qarabağ"ın oyunçusu çempionluğa layiq olduqlarını söyləyib: "Bütün komanda yoldaşlarımı, məşqçilər heyətini, azarkeşləri, "Qarabağ"sevərləri təbrik edirəm. Layiq olduğumuz çempionluğu qazandıq".
O, komandası üçün cari mövsümü dəyərləndirib: "Yerli çempionatı uğurlu saymaq olar. Amma UEFA Avropa Liqasında uğurlu çıxış edə bilmədik, gələn mövsüm daha yaxşısını etməyə çalışacağıq".
Cəfərquliyev öz üzərində daim işlədiyini bildirib: "Azarkeşlərin məndən gözləntiləri çoxdur, bunu puç etmərəm. Öz üzərimdə daim işləyirəm".
Cəfərquliyev gələcək karyerası barədə də söz açıb: "Müqaviləmlə bağlı hələlik rəhbərliklə heç bir danışığımız olmayıb. Özümü legioner kimi görmək istərdim. Hər hansı ölkədə oynamağımı düşünməmişəm, amma top liqaları istərdim".