
Apellyasiya Arbitraj Tribunalı "Şamaxı" klubunun məşqçisi Vüqar Süleymanovun U-15 Liqasının oyunu zamanı Qusarın "Metak" komandasının uşaq futbolçularını döyməsi faktı ilə əlaqədar AFFA İntizam Komitəsinin qərarından şikayətə baxıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, klubun apellyasiya şikayəti qismən təmin edilib.
22 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən "Metak"la oyunda "Şamaxı" komandasında adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaq 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilməsi, müstəsna hal olaraq 500 manat cərimə edilməsi, Şamaxı komandasının növbəti ev oyunu azarkeşsiz keçirilməsi barəsində AFFA İntizam Komitəsinin 23.04.2025-ci il tarixli qərarları ləğv edilib.
İntizam Komitəsi tərəfindən tətbiq olunan AFFA İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun işin halları nəzərə alınaraq düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılmasından ötrü İntizam Komitəsinə qaytarılıb.
Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.