
"Şamaxı" klubunun rəhbərliyi komandanın baş məşqçisi Ayxan Abbasovla bağlı qərar verəcək.
Bu barədə Sportnet.az-a açıqlamasında "Şamaxı"nın icraçı direktoru Kamran İsmayılov bildirib.
O, komandanın baş məşqçisi Ayxan Abbasovla müqavilə müddətinin iki ay öncə uzadıldığını xatırladıb: "Baş məşqçi ilə müqavilə bağlananda onun öz şərtləri olur. Onunla istər-istəməz ümumi komanda barədə danışılır və gələn mövsümün büdcə məsələləri də müzakirə olunur".
İsmayılov baş məşqçi ilə sözləşməni 3 milyon manatlıq büdcə üzərində razılıq əldə edərək bağladıqlarını söyləyib: "Bizim sporsorumuz yoxdur. Ayxan müəllimlə həm öz müqaviləsi, həm də ümumi komanda ilə bağlı razılığa AFFA-nın təqdim etdiyi 3 milyon manatın üzərindən gəlmişdik. İndi situasiya dəyişib. Rəsmi qərar olmasa da, AFFA rəhbərliyi açıq şəkildə bildirib ki, növbəti mövsümdən klublara ayrılan vəsait 2,5 milyon manat təşkil edəcək. Biz də istər-istəməz bu miqdarın üzərindən planlarımızı etməliyik. Buna görə də büdcə planlamamızda müəyyən düzəlişlər olunacaq".
Funksioner büdcənin azaldıldığına görə Abbasovla yenidən görüşəcəklərini açıqlayıb: "İndiki durum ondan ibarətdir ki, müqaviləmiz var, amma digər tərəfdən də bu situasiya yaranıb. Buna görə də Ayxan müəllimlə yenidən görüşüb müzakirələr aparacağıq. Çıxış yolu tapa bilsək, işimizə davam edəcəyik. Çətin olsa da, çalışacağıq ki, çıxış yolu tapaq. Müzakirəmizin nəticəsinə uyğun olaraq müəyyən qərarlar verəcəyik".
Haşım MƏMMƏDOV