
“Gələcəyimlə bağlı indi heç nə deyə bilmərəm. Hələ nə qalmağı, nə də getməyi düşünmüşəm”.
Bunu Sportnet.az-a açıqlamasında “Qarabağ”ın kabo verdeli futbolçusu Patrik Andrade deyib.
Növbəti ay Ağdam klubu ilə müqaviləsi başa çatacaq 32 yaşlı yarımmüdafiəçi yeni anlaşma barədə yekun qərara gəlmədiklərini bildirib.
Andrade vaxtından əvvəl çempion olsalar da, "qızıl dubl" üçün Azərbaycan Kubokunun finalını gözləyəcəklərini bildirib: “Çempionluq üçün hər şeyimizi ortaya qoyduq. Daha bir oyunumuz var.
Premyer Liqada axırıncı turun “Şamaxı” ilə səfər matçından sonra kubok finalına konsentrasiya olmağa çalışacağıq. "Sabah"la qarşılaşmadan sonra mövsümü dəyərləndirə bilərik. Çempionlar Liqasına vəsiqə qazanmağa çalışırdıq və bunu bacardıq. Çempionatı bitirib, bir qədər dincələcəyik. Daha sonra qitənin ən nüfuzlu klub turniri barədə düşünəcəyik”.
“Qarabağ”ın “66” nömrəsi “Sabah”la final oyununa hazırlıqlardan da söz açıb: “Bizi olduqca vacib görüş gözləyit. Final hər zaman həyacanlı olur. Ani diqqətsizlik sənə baha başa gələ bilər. Əvvəldən bizim favorit göstərilməyimiz normaldır. Lakin hər şey final günü meydanda bəlli olacaq”.
Qeyd edək ki, “Qarabağ” və “Sabah” arasında Azərbaycan Kubokunun final oyunu mayın 31-də baş tutacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.