
Futbol üzrə Azərbaycan II Liqasında 2024/2025 mövsümünün qızıl, gümüş və bürünc mükafatçıları, həmçinin bombardiri təltif olunub.
Sportnet.az-ın məlumatına görə, Binə qəsəbə stadionunda qaliblərə mükafatları AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva, Peşəkar Futbol Liqasının (PFL) texniki direktoru Elgiz Abbasov və Futbolun İnkişafı Fondunun(FİF) icraçı direktoru Tural Piriyev təqdim edib.
Əvvəlcə mövsümü 31 qolla bombardirlər siyahısında birinci yerdə bitirən “Şəmkir”in futbolçusu Vidadi Cəfərov təltif olunub.
Mövsümü üçüncü yerdə başa vuran “Şimal” komandasının üzvlərinə bürünc medallar təqdim edilib.
Ardınca ikinci yeri tutan “Şəfa”ya gümüş medallarını qəbul edib.
Yekunda II Liqanın çempion komandası “Şahdağ Qusar”a qızıl medallar təqdim olunub.
AFFA rəsmisi Könül Mehtiyava kapitan Rahid Əmirquliyevə PFL-in xüsusi hazırladığı kuboku təqdim edib.
Qeyd edək ki, “Şahdağ Qusar”, “Şəfa” və “Şimal” AFFA-nın reqalmentinə uyğun olaraq, növbəti mövsüm Birinci Liqada mübarizə aparacaq.