
Sabah” klubunun almaniyalı futbolçusu Coy-Lens Mikelsin Səudiyyə Ərəbistanın "Əl Fəysali" klubuna qarşı şikayəti FIFA tərəfindən təmin edilib.
Bu barədə Sportnet.az-a 31 yaşlı hücumçunun vəkili Elcan Həsənli məlumat verib.
Onun sözlərinə görə, "Əl Fəysali"də oynadığı vaxt Mikelsin əmək haqqı ödənilməyib. Bu səbəbdən, müqaviləsinə birtərəfli qaydada xitam verilib.
FIFA-nın qərarına əsasən, futbolçuya həm maaşı, həm də kompensasiya ödənilib: “Nümayəndəsi və vəkili olduğum Joy Lance Mikcelsin Səudiyyə Ərəbistanın "Əl Fəysali" futbol klubuna qarşı işi üzrə FIFA-nın Mübahisələrin Həlli Palatası tərəfindən qərarı diqqətinizə çatdırıram. Çox sevindirici haldır ki iddia tələbimiz demək olar bütünlüklə qəbul edilib.
Məbləğ kifayət qədər yüksəkdir, lakin açıqlaya bilmərik”.
Qeyd edək ki, Coy-Lens Mikels 2023-cü ilin yayında “Sabah”dan "Əl Fəysali"yə transfer olunub. Forvard ötən yay yenidən Masazır təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb.