
"Rəqibi təbrik edir, Çempionlar Liqasında ölkəmizi həmişəki kimi, uğurla təmsil etmələrini arzulayıram. Azarkeşlərimizə isə təşəkkürümü bildirəm".
Sportnet.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXXVI tur matçından sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssisin sözlərinə görə, son oyunlarda uduzsalar da, azarkeşlərin komandanı dəstəkləmələri çox sevindirici olub: "Əsas məqsədimiz Premyer Liqada qalmaq idi. Bunun öhdəsindən gələ bildik.
Ona görə də hər kəsi təbrik edirəm. Əlbəttə, çətin oldu. Təkcə Premyer Liqada qalmadıq, çox şeylər qazandıq. İlk növbədə, klub olaraq möhkəmləndik. Bir çox gənc futbolçunu qazandıq. Bu, davam etməlidir.
İrəlidə pillə-pillə inkişaf etmək istəyiriksə, bu mübarizələr vacibdir. Avrokuboklarda iştirak edəcək klubların hamısına uğurlar. Gələn mövsüm ümid edirəm ki, bundan da yaxşı mübarizə olacaq".
Qeyd edək ki, "Şamaxı" Azərbaycan Premyer Liqasını 36 xalla 7-ci pillədə başa vurub.