
"Klub rəhbərliyi sırf onun özü ilə danışıb. Tərəflər müqavilənin şərtlərində razılıq əldə edə bilməyiblər".
Bunu Sportnet.az-a açıqlamasında "Kəpəz"in Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov Azər Bağırovun komandanın baş məşqçi postundan istefa səbəbi barədə danışarkən deyib.
Qiyasovun sözlərinə görə, 41 yaşlı mütəxəssisin əvvəlki müqaviləsi 1+1 formasında olub: "Sözləşmənin 1 illik hissəsi mayın sonlarında başa çatdı. Əlavə 1 illik uzadılma məsələsində müqavilənin şərtlərində Bağırov razılaşmır, əlavə məbləğ istəyirdi".
Qiyasov bildirib ki, Bağırovun getməsinin rəhbərliyin komanda ilə görüşünə heç bir aidiyyatı yoxdur: "Yeni rəhbərlik gəldiyi vaxt idarəçilikdən tutmuş xadiməyədək klubun hər bir üzvü ilə ayrıca danışmışdı. Fərdi görüş yalnız həmin vaxt olub. Bağırovun getməsinə bunun heç bir aidiyyatı yoxdur. Sadəcə, məbləğdə razılaşmadılar. Bağırov əvvəlki müqavilədə nəzərdə tutulduğundan başqa şərtlər qoydu".
Qeyd edək ki, mayın 25-də "Kəpəz"in səfərdə "Turan Tovuz"a 0:4 hesabı ilə uduzduğu Azərbaycan Premyer Liqasının XXXVI tur matçından sonra Azər Bağırov istefa verdiyini açıqlayıb.