
"Mənim tərifdən xoşum gəlmir. Düzü, əvvəllər - futbol oynadığım vaxtlarda çox xoşlayırdım. Amma indi bir o qədər də xoşlamıram. Çünki istər-istəməz suallar olacaq ki, niyə Qurbanı çox tərifləyirsiniz".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın çempionluğu münasibətilə keçirilən tədbirdə deyib.
53 yaşlı mütəxəssis heç vaxt öz işindən və komandasının nəticələrindən razı qalmadığını və futbolçularından daha artığını tələb etdiyini bildirib: "Mən, ümumiyyətlə, nəticə üçün söz verməyi xoşlamıram. Amma azarkeşlərə və jurnalistlərə həmişə bildirmişəm ki, bir azərbaycanlı, vətənpərvər, futbolu çox sevən insan kimi öz işimdə məsuliyyətlə çalışmışam. Bundan sonra da çalışacağam ki, belə olum və məsuliyyətimi artırım. Amma heç vaxt öz işimdən, komandamın nəticələrindən razı qalmamışam və onlardan daha artığını, daha yaxşısını tələb etmişəm. Bu günə kimi etdiklərimizdən ümumən razıyam, amma daha artığını futbolçularımdan tələb edirəm".
Qurbanov ilk dəfədir ki, çempionluğu klubun mərhum fəxri prezidenti Abdulbari Gözəlsiz qeyd etdiklərini söyləyib: "Çempionluğumuza sevinmək istəyirik, amma bəzi məqamlar var ki, bunları qeyd etməliyik. Belə bir rəhbərin komandadan, ümumiyyətlə, həyatdan getməsi bizim üçün heç də asan deyil. Biz bu klubu sevən bir insanı itirdik. Bu insan həmişə klubun arxasında olub, mənim arxamda, mənim yanımda olub və daim mənə sərbəstlik verib. Allah rəhmət eləsin. Ömrümün sonunadək onu yaddan çıxarmayacağam. Çünki ona olan hörmətim sözlə ifadə edə bilməyəcəyim qədər hədsiz idi. Onun iş prinsiplərində necə sistem qurulubsa, futbolda da eynidir. Çalışırıq ki, gündən-günə daha da yaxşı olaq, elmimizi, savadımızı artıraq, bundan da keyfiyyətli kluba çevrilək".