
Minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisinin qapıçısı Ağaseyid Qasımov Sportnet.az-a müsahibə verib.
28 yaşlı qolkiper çempionluq və Prezident İlham Əliyevlə görüş barədə təəssüratlarını bölüşüb, minifutboladək keçdiyi peşəkar futbolçu karyerasından bəhs edib:
- İyunun 2-də dünya çempionluğu münasibəti ilə Prezident İlham Əliyev tərəfindən qəbul olundunuz. Görüşlə bağlı təəssüratlarınız necədir?
- Bu, həyatımın ən qürurlu və unudulmaz günlərindən biri oldu. Minifutbol üzrə dünya çempionu kimi cənab Prezidentlə görüşmək mənim üçün təkcə şəxsi uğur deyil, bütün Azərbaycan gənclərinin qələbəsi idi. Cənab Prezidentin səmimiyyəti, gənclərə və idmana verdiyi dəyər bizi daha da ruhlandırdı. Bu görüş zamanı hiss etdim ki, üçrəngli bayrağımızı ucalara qaldırmaq təkcə meydanda yox, ürəkdə baş verir. Bu gün bir daha anladım: Azərbaycan qalib ölkədir və onun övladları daim zirvələrə layiqdir!
- Komanda üzvlərini ayrı-ayrılıqda təbrik etdiyi vaxt dövlət başçısının sizinlə qısa dialoqu oldu. Prezident sizə nə dedi?
- Cənab Prezident "Sən qapıçısan, özü də qol vuran" dedi. Mən də "bəli" cavabını verdim. Dövlət başçısı yarımfinalda Monteneqronun qapısına vurduğum ilk qolu nəzərdə tuturdu. Özünün də dediyi kimi, son 4 oyunumuzu izləyib. Bizimlə çox səmimi oldu. Ona bir daha təşəkkür edirik.