
I Liqada XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Qaradağ Lökbatan” klubunun məşqçisi Amid Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanması, “Qaradağ Lökbatan” klubunun 400 manat cərimə edilməsi barədə şikayəti təmin edilməyib.
Sportnet.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Həmçinin I Liqada çıxış edən “Mingəçevir” klubunun sabiq futbolçusu, Muxtar Nəzərlinin danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzasının verilməsi barədə AFFA İntizam Komitəsinin 30 yanvar 2025-ci il tarixli qərarından apellyasiya şikayəti təmin edilməyib.
AFFA Gənclər Liqasında keçirilən Kəpəz -Səbail oyununda Kəpəz komandasının heyətində 19 nömrəli futbolçu Nihad İsaqov qarşılaşmanın 71-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılması barədə AFFA İntizam Komitəsinin 14 may 2025-ci il tarixli qərarı işdə olan yüngülləşdirici hallar nəzərə alınmaqla dəyişdirilərək 4 oyunluq cəzanın 2 oyunu şərti tətbiq edilib.
Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunsun və sınaq müddətinin başlanğıcı 14 may 2025-ci il tarixdən hesablanıb.
AFFA U-15 Liqasında keçirilən Şamaxı FK–Metak FK oyununda Şamaxı FK komandasında adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanovun meydana daxil olaraq Metak komandasının bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinə əsasən müstəsna hal kimi Vüqar Süleymanovu 1 il müddətinə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzası verilməsi barədə AFFA İntizam Komitəsinin 21 may 2025-ci il tarixli qərarından verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salınıb.
AHFF-nin Həvəskarlar liqasında Laçın Mərkiz FK - İstiqlal FK arasında keçiriləcək görüş zamanı komandanın üzvlərinin geyimləri ilə bağlı yaranmış ziddiyyətlə ələqədar olaraq oyun baş tutmadığı üçün hər iki komandaya xəbərdarlıq edilməsi və oyunun yenidən keçirilməsi barədə AFFA İntizam Komitəsinin 14 may 2025-ci il tarixli qərarından verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salınıb.