
"Qarşılaşmaya 5 gün ərzində hazırlaşmışıq. Bəzi çətinliklərimiz olsa da, problemləri həll edərək, müvəffəqiyyət qazanmaq istəyirik".
Sportnet.az xəbər verir ki, bunu Latviya yığmasının baş məşqçisi Paolo Nikolato Azərbaycan millisi ilə keçirəcəkləri yoldaşlıq görüşü barədə mətbuat konfransında danışarkən deyib.
İtaliyalı mütəxəssis nikbin olduğunu bildirib: "Hər görüşə ciddi yanaşırıq. Rəqibimiz FIFA reytinqində 119-cu pillədə qərarlaşır. Özümüzdən yuxarıda olan komandalarla oynayaraq, inkişafa nail olmaq istəyirik".
59 yaşlı baş məşqçi heyətə cəlb olunan yeni oyunçulara özlərini göstərmək imkanı verdiklərini açıqlayıb: "Belə oyunlar da bacarıqlarını ortaya qoymaq baxımından şansdır. Bizim üçün vacib olan məqam hər futbolçunun özünü burada vacib fiqur kimi hiss etməsidir. Yeni futbolçularda güclü komandalara qarşı matçlarda qorxu hissinin olmaması da önəmlidir. Milli komandanın gücü daxili liqanın səviyyəsi ilə ölçülür. Nə qədər çox futbolçumuz güclü klubda oynasa, millimiz üçün bir o qədər yaxşı olar".
O, Azərbaycan millisi ilə əvvəllər keçirdikləri oyunlara nəzər yetirmədiklərini də əlavə edib: "5 il əvvəlki son oyunda Latviyanın Azərbaycana məğlub olması mənim üçün əhəmiyyətli deyil. Hər zaman bu günün tələblərinə görə hərəkət edirik. Çünki futbolda bir dəqiqənin içində çox şey dəyişir. Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dünyaca tanınmış mütəxəssisdir. Onun işinə, uğurlarına böyük hörmətlə yanaşıram. Əlbəttə ki, bunu nəzərə alırıq".
Nikolato Azərbaycanla oyundan sonra Albaniya ilə rəsmi matça çıxacaqlarını xatırladıb "Təbii ki, heyətdə 50 faiz dəyişiklik olub. Azərbaycanla görüşdən sonra bütün diqqətimizi albanlarla qarşılaşmaya yönəldəcəyik".
Qeyd edək ki, iyunun 7-də Riqa şəhərindəki "Skonto" stadionunda keçiriləcək Latviya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.