
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq Xorvatiya "Hayduk"unun start heyəti müəyyənləşib.
Sportnet.az "İndex" nəşrinə istinadən xəbər verir ki, Split komandasının müdafiə xəttinə Kiprin "Pafos" klubundan icarədən qayıdan Zvonimir Şarliya liderlik edəcək.
Şarliya bu yaxınlarda məşq zamanı Luka Hodakla toqquşma nəticəsində sifətindən zərbə alan gənc Marino Skelinlə birlikdə oynacaq. Qapıda debütant İvitsa İvuşiç, sağda Niko Siqur və solda Şimun Hrqoviç olacaq.
Baş məşqçi Qonsalo Qarsiya yarımmüdafiə və hücum xətlərində sürpriz hazırlayır. İspaniyalı mütəxəssis Marko Kapanı ilk dəqiqələrdən daha təcrübəli Entoni Kalik və Filip Krovinoviçin yanında oynatmaq niyyətindədir. İddialara görə, Qarsiya "Hayduk"un cinahlarında gənc oyunçularını yerləşdirməyi düşünür - Noa Skoko solda, Roko Braykoviç isə sağda oynayacaq.
Kapitan Marko Livaya hücum xəttinin mərkəzində yerini qoruyur. Bu, o deməkdir ki, start heyətdə yer alması gözlənilən yarımmüdafiəçi Adrion Payaziti və hücumçu Mişel Şeqo ehtiyat oyunçular skamyasında qalacaq. Marko Kapan iki il əvvəl UEFA Gənclər Çempionlar Liqasının finalında çıxış edən "Hayduk"un keçmiş kapitanıdır. O, ötən mövsüm Cennaro Qattuzonun rəhbərliyi altında bütün yarışlarda 5 oyunda şans qazanıb.
Noa Skoko isə yetirməsi olduğu komanda ilə 4 rəsmi matçda iştirak edib. O, sonuncu dəfə ötən il sentyabrın 17-də ölkə kubokunun ikinci mərhələsində “Biloqora” üzərində 4:0 hesablı qələbə qazandıqları oyunda meydana çıxıb.
Qeyd edək ki, "Zirə" "Hayduk"la iyulun 23-də evdə, iyulun 31-də səfərdə üz-üzə gələcək. Cütün qalibi Andorranın “Atletiko" və Albaniyanın “Dinamo Siti” klubu arasındakı qarşılaşmanın qalibi ilə qarşılaşacaq. III təsnifat mərhələsinin oyunları avqustun 7-də və 14-də olacaq.