
"Oyunun mahiyyətini həm futbolçular, həm biz anlayırıq".
Sportnet.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev evdə Yunanıstan təmsilçisi “Aris”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis ümidliyik və inamlı olduqlarını bildirib: "Bəlkə də təcrübəsiz görünürük. Amma tam hazırıq. Sabah əlimizdən gələni etməyə çalışacağıq".
O, oyuna hələ bir gün qaldığını vurğulayıb: "Bizi düşündürən indiki məşqdir. Yaxşı hazırlıq keçmişik, keyfiyyətli futbolçulara sahibik. Düşünürəm ki, “Araz-Naxçıvan” adına daha da artığını etməyə gücümüz var. Bəzi futbolçularımız dəfələrlə belə yarışlarda iştirak ediblər. Sıralarımıza yeni qatılanlar keyfiyyətli oyunçulardır".
Baxşıyev bütün futbolçularının onun oyun fəlsəfəsinə uyğun olduğunu deyib: "Sərəncamımda olan futbolçuların hamısını mən bəyənmişəm. Hamısı mənim oyun fəlsəfəmə uyğundur. Oyundan-oyuna öz ustalıqlarını meydanda göstərməyə çalışırlar. Yaxşı kollektivimiz var. Yaxşı mühit formalaşdırmışıq. Düşünürəm ki, adaptasiya baxımından heç kimin problemi yoxdur".
"Araz-Naxçıvan"ın baş məşqçisi klubun azarkeşlərinə səslənib: "Onlara inanırıq. Sabah stadionda azarkeşlərimizi gözləyəcəyik".
O, "Aris"in oyunlarını izlədiklərini bildirib: “Elə durumdayık ki, heç nəyi gizlətmək olmur. Rəqibin bütün oyunlarını izləmişik. Yenə də bəzi şeyləri bilmək olmur. "Aris" də yaxşı komandadır. Onlar barədə tam məlumatlıyıq. Sabah meydanda tam gücümüzü göstərməyə çalışacağıq”.
Elmar Baxşıyev “Araz-Naxçıvan”ın Naxçıvana səfər etməməsinin səbəbini açıqlayıb: "Avrokuboklara görə sıx qrafikdəyik. Amma naxçıvanlılarla görüşmək istəyirik. Təlim-məşq toplanışında 5-6 naxçıvanlı azarkeşlə görüşmüşük. Naxçıvan bizim üçün doğmadır".
Baxşıyev şansların bərabər olduğunu söyləyib: "Rəqib yaxşı komandadır. Heyətində yaxşı oyunçulara sahib və öz dəsti-xətti ilə seçilən, liqalarının güclü komandalarındandır. Oyun başlamayıb. Düşünürəm ki, şans bərabərdir".
Qeyd edək ki, “Araz-Naxçıvan” - “Aris” arasında ilk görüş iyulun 24-də "Dalğa Arena"da keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.