
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə Xorvatiya "Hayduk"u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransı keçirib.
43 yaşlı mütəxəssis əvvəlcə matçı dəyərləndirib. O, hərəkətli və bərabər səviyyəli oyunun olduğunu bildirib: "Hər iki komanda bir-birinin səhvini gözləyirdi. Amma elə alındı ki, səhvi rəqib yaratdı və bundan faydalandıq. Bizim də bir neçə real hücumumuz oldu, amma onlardan istədiyimiz kimi istifadə edə bilmədik. "Hayduk" isə bir epizodda yaxşı kombinasiya qurdu və həmin hücumdan qol "çıxardı".
Sadıqov ümumən komandasının çıxışından razı qaldığını söyləyib: "Taktiki baxımdan futbolçular verdiyimiz tapşırıqları yerinə yetirdilər. Aydın məsələdir ki, mərhələnin taleyi cavab oyununda həll olunacaq".
Baş məşqçi bu matçın ötən mövsüm Xorvatiyanın digər təmsilçisi "Osiyek"ə qarşı keçirdikləri avrokubok qarşılaşmasını xatırlatdığını söyləyib: "Bəli, müəyyən oxşarlıqlar var. Keçən il də kifayət qədər qol epizodumuz olmuşdu, amma istifadə edə bilmədik. Osijek isə əlinə düşən imkanları dəyərləndirmişdi. Bu gün də bizdə fürsətlər oldu, amma son nöqtəni qoya bilmədik".
Mətbuat konfransında suallar:Xarici mütəxəssislər Zirəni mərhələ keçə biləcək komanda kimi dəyərləndirirlər. Bununla razısınız?"
Sadıqovun cavabı isə belə olub: "Futboldur, burada kimin üstün, kimin zəif olduğu cavab oyununda və ümumi nəticəyə əsasən bəlli olacaq. Hələ heç nə bitməyib. Biz də əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq".
— 1:1 hesablı bərabərliyin oyuna görə nəticə olduğunu düşünürsünüzmü?
— Açığı, bu fikirlə tam razı deyiləm. Bəzən mən də deyirəm ki, “ədalətli nəticə olmadı”, amma bu oyunda qələbəyə daha yaxın olan tərəf biz idik. Sadəcə, futbol belədir. Oyunun heç-heçə bitməsi ilə taleyimizlə barışırıq və artıq növbəti qarşılaşmaya fokuslanırıq.
— Konatenin durumu necədir? Cavab oyununda iştirak edə biləcəkmi?
— Böyük ehtimalla cavab oyununda iştirak etməyəcək. Özünüz də gördünüz, çiyni çıxdı və bəzi fəqərələrdə zədə var. Bu tip zədələrin bərpası vaxt aparır. Ümid edirik ki, tezliklə sıraya dönər, amma bildiyim qədərilə ən azı 2-3 həftəlik bir müddət lazımdır.
— Yeni transferlərin çıxışından razı qaldınızmı?
— Bəli, hər biri ilə razı qaldım. İstər Rövlan, istər Konate – hər ikisi yaxşı oyun göstərdi. Abdulaziz isə kifayət qədər vaxt tapa bilmədi, amma bu oyun onun üçün bir təcrübə oldu. İlk dəfə idi ki, bu səviyyədə matçda iştirak edirdi. Zədəlilərimiz qayıtdıqdan sonra daha güclü kollektiv olacağımıza inanıram.
— Ceyhun Nuriyevin oyuna daxil olub, daha sonra əvəzlənməsinin səbəbi nə idi?
— Ümumiyyətlə, mətbuat konfranslarında futbolçuların çıxışını təhlil etməyi xoşlamıram. Ceyhun ilk hissədə oyuna daxil oldu və ümumilikdə 35 dəqiqə meydanda oldu. Lakin ikinci hissədə rəqib onun cinahından üstünlük qurmağa başladı. Bu səbəbdən Abdulazizi həmin mövqeyə yerləşdirdik ki, rəqibin hücumlarının qarşısını ala bilək.
— Bugünkü oyunda hakimlik barədə nə düşünürsünüz? 4-cü hakimin fəallığı diqqət çəkdi.
— Açığı, ciddi səhvlər olmasa da, ümumi simpatiya rəqib komandanın tərəfində idi. Xüsusilə 50/50 olan epizodların əksəriyyəti rəqibin xeyrinə dəyərləndirildi. 4-cü hakim də həddindən artıq fəal idi – 5 dəqiqədən çox hər hansı göstərişlər verirdi. Bu hallar olur, biz də artıq belə şeylərə hazır olmağa çalışırıq.
— İsveç mətbuatında Salifu Sumaya dair məlumatlar yer alıb. Bildirilir ki, o, Malmöyə 1,3 milyon avroya transfer olunacaq. Bu haqda nə deyə bilərsiniz?
— Bizim üçün bu çox önəmli bir hadisədir. Komandamızdan bir futbolçunun skautların diqqətini cəlb etməsi sevindirici haldır. Salifunun ilk komandamıza gəldiyi vaxtı xatırlayıram. Ona demişdik ki, əzmlə çalışsan, Avropa səviyyəsində futbolçu ola bilərsən. Qış fasiləsində də təkliflər var idi, amma biz istədik ki, Avrokuboklarda oynayan bir komandaya keçsin. Malmö ilə razılaşmaq bu baxımdan həm onun üçün, həm bizim üçün doğru seçim oldu.
Salifunun bu səviyyəyə gəlməsində klubun rəhbərliyi və məşqçilər heyətinin böyük rolu var. Ona uğurlar arzulayıram. Təbii ki, bu transferin ən pis tərəfi odur ki, biz Haydukla oyuna hazırlaşırdıq və oyun öncəsi onu itirdik. Bu həm taktiki, həm də mənəvi baxımdan ciddi itkidir. Həmin cinahda bu gün üç fərqli oyunçu sınadım, amma Sumanın yerini doldurmaq asan deyil.
— Qarabağın oyununu izləyəcəksinizmi?
— Avrokuboklarda çıxış edən bütün klublarımıza uğurlar arzulayıram. Hər zaman onları dəstəkləmişəm, məşqçi olmamışdan əvvəl də belə idi. Qarabağa da, “Sabah”a da, “Araz-Naxçıvan”a da uğurlar diləyirəm. Çox istərdim ki, dörd klubumuz da yoluna davam etsin və qrup mərhələsinə yüksəlsin.
— Skautların Azərbaycan futboluna marağının səbəbi nədir?
— Bu, Qarabağın Avrokuboklardakı uğurlu çıxışları ilə birbaşa əlaqəlidir. Salifunun da ən yaxşı oyunlarından biri Qarabağa qarşı olmuşdu və düşünürəm ki, Malmö skautlarının diqqətini də o oyun cəlb edib. Həmçinin, klublarımız son dövrlərdə keyfiyyətli transferlər edir. Əgər stadionlarımızın şəraiti və ot örtükləri də daha yaxşı olsa, oyunların keyfiyyəti artacaq və bu cür transferlər daha da çox olacaq.