
"Ağır oyun alındı. Oyuna pis başlasaq da, sonradan ritmi tuta bildik və ikinci hissə boyunca dominantlıq etdik".
Sportnet.az xəbər verir ki, bunu Xorvatiyanın "Hayduk" klubunun futbolçusu Entoni Kalik UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" ilə ilk oyunundan sonra deyib.
28 yaşlı yarımmüdafiəçi 1:1 hesablı heç-heçə ilə bitən oyunda komandasının yeganə qolunu vurmasını şərh edib: "Rəqibin müdafiə xətti hücumlarımız qarşısında dözüm göstərirdi. Lakin Simon Hrqoviç bir neçə dəfə boşluq tapa bilirdi. Bir dəfə zərbəsi qapı dirəyinə tuş gəldi. Mənim isə bəxtim gətirdi ki, lazımi yerdə oldum. Özümü yaxşı hiss edirəm, amma əsası irəliyə getməkdir. Bərpa prosesi keçdikdən sonra cavab oyununa hazırlaşmalıyıq".
Kalik "Zirə"ni yaxşı komanda olduğunu söyləyib: "Rəqibin baş məşqçisi Rəşad Sadıqov 5 ildir komandadadır. Onları ötən mövsüm "Osiyek"lə görüşlərdən tanıyırdıq. Maksimum konsentrasiyalı və hazır olacağıq. Növbəti mərhələyə yüksələn tərəf olacağımıza ümid edirəm".
Qeyd edək ki, "Hayduk" və "Zirə" arasındakı cavab oyunu iyulu 31-də Splitdəki "Polyud" stadionunda təşkil olunacaq.