
“Yaxşı və dinamik oyuna şahidlik etdik”.
Sportnet.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev evdə Yunanıstanın “Aris” klubunu 2:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis komandasının oyuna düzgün yanaşdığını bildirib: “Rəqibin bizə hansı sürprizləri hazırlaya biləcəyini bilirdik və buna uyğun hazırlaşmışdıq. Komanda şəklində oyuna düzgün yanaşdıq və nəticədə layiqli bir qələbə qazandıq".
Baş məşqçi komandasının həm oyun, həm də xarakter baxımından güclü olduğunu göstərdiyini söyləyib: "Zədəli oyunçularımızın qayıdışı ilə birlikdə daha da güclü olacağımıza inanırıq. Bu qələbə ustalıqdan çox, emosiyaya söykənən bir oyunun nəticəsidir. Futbol, ilk növbədə, bir hiss oyunudur. Komandamız bəzi epizodlarda böyük iradə və istək göstərdi – bu isə alqışa layiqdir.
Qarşımızda keyfiyyətli bir rəqib var idi və onların da gücünü bilirdik. Mən hər zaman VAR sisteminin tərəfdarı olmuşam. Penalti epizodunda da bizə göründüyü kimi qərar düzgün idi. 14 günlük hazırlıq müddətində artıq komandanın nə qədər möhkəm olduğunu hiss etmişdik və bu nəticə bizi təəccübləndirmədi. Komandamızın bu performansı sürpriz deyil, əzm və inamın məhsuludur.”
Elmar Baxşıyev stadionda atmosferin gözəl olduğunu vurğulayıb: “Azarkeşlərimiz bizə böyük dəstək verdi. Hətta qol buraxdığımız anlarda belə bizi tək qoymadılar, komandamızı hücuma ruhlandırdılar. İnanıram ki, növbəti mərhələlərdə də naxçıvanlı azarkeşlərimizin stadionu doldurduqlarını görəcəyik. Onların dəstəyi bizim üçün çox önəmlidir".
O, komandasının günbəgün inkişaf etdiyini deyib: “Tam desəm ki, hazırda hər şey əladır - xeyr, hələ yox. Amma günbəgün inkişaf edirik və yaxşılığa doğru gedirik. Bu gün heyətimizdə yer alan futbolçulardan altısı komandaya yeni qoşulub. Düşünürəm ki, bu keçid dövrünü uğurla geridə qoyacaq və yaxın zamanda oyunçularımız komandaya tam uyğunlaşacaqlar. Futbolçularımız yalnız gənclərdən ibarət deyil, buna görə də düşünürəm ki, Yunanıstanda bu aura onların oyununa mənfi təsir göstərməyəcək".
"Araz-Naxçıvan"ın baş məşqisi komandasının ev oyunlarının Naxçıvanda keçirilməsinı məmnun olacağını bildirib: “Bu il avrokuboklara vəsiqə qazanmaqla böyük sürpriz etdik və bu gün də qələbə qazandıq. Komandamız pillə-pillə irəliyə doğru addımlayır".
O, bütün futbolçuların yaxşı oynadığını söyləyib: “Bu gün təkcə Patrik Andradeni vurğulamaq istəmirəm, digər oyunçularımız da çox güclü oynadılar. Komanda daxilində yaxşı bir aura yaratmışıq və bu, rahatlığımızı təmin edir. Üzərimizdə əlavə təzyiq yoxdur. Yenə də qeyd edirəm ki, komandamızın potensialı bundan daha yüksəkdir və gələcəkdə daha yaxşı nəticələrə imza atacağıq. Futbolçularımız özünə güvənir və biz də inanırıq ki, Premyer Liqada da çempionluğa layiqdirlər və ona da oynayacaqlar.”