
“Çox çətin oyun oldu".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas Moldovada “Petrokub” üzərində 2:0 hesablı qələbə qazandıqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis matçı belə şərh edib: "Rəqib bu oyuna kimi artıq 7 matç keçirmişdi. Bu oyunlar əsasında onları yaxşı təhlil etmişdik. Yəni, rəqibi təhlil etmək üçün kifayət qədər materialımız var idi. Bura sadəcə müdafiə olunmağa və ya əks-hücumda şans axtarmağa yox, öz oyun üslubumuzu meydanda göstərmək, oyuna nəzarət etmək niyyətilə gəlmişdik. Düzdür, oyunda enişli-yoxuşlu anlar oldu, xüsusilə də birinci hissədə. Bəzən istədiyimizi tam göstərə bilmədik. İkinci hissədə isə, xüsusilə ilk 5-7 dəqiqədə, bir qədər çətinlik yaşadıq".
Dambrauskasın sözlərinə görə, üzərində işləməli olduqları çox məqam var: "Qoldan sonra oyunu çox yaxşı şəkildə bağladıq. Rəqib təzyiq etməyə çalışsa da, biz topa nəzarət edə bildik, boş oyunçunu tapdıq ki, bu da məhz komandamın oynamasını istədiyim tərzdir. Avropada səfərdə qalib gəlmək çox önəmlidir. Qapımızı toxunulmaz saxladıq, iki qol vurduq – bu yaxşı nəticədir, amma iş hələ bitməyib. İki oyundan ibarət cütlükdə heç vaxt hər şey ilk oyunda həll olunmur. İndi geri qayıdıb, cavab oyununa hazırlaşmalıyıq”.
Qeyd edək ki, iyulun 31-də Əlincə stadionunda ("Bank Respublika Arena") keçiriləcək "Sabah" - "Petrokub" matçı saat 20:00-da başlanacaq.