
Yunanıstan mətbuatı "Aris" klubunun "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzduğu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununundan çox mətbuat konfransındakı mikrofon sayına təəccüblənib.
Sportnet.az xəbər verir ki, Saloniki komandasının baş məşqçisi Marinos Uzunudis matçın ardından mətbuat mərkəzinə girdiyi vaxt qarşısında qurulmuş 15-dən çox mikrofonu görüb.
Mikrofonlar Azərbaycan telekanalları, agentlikləri və saytlarına məxsus olub. "Azərbaycanda nə qədər kanal var?", deyə Yunanıstan mətbuatı yazıb.
Qeyd edək ki, avrokuboklarda pley-off mərhələsinədək mətbuat konfranslarında mikrofonlardan istifadəyə icazə verilir. "Aris" və "Araz-Naxçıvan" arasındakı cavab görüşü iyulun 31-də Salonikidə keçiriləcək. Kleantis Vikelidis adına stadionda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də başlanacaq.