
"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Hayduk"la cavab görüşü üçün Xorvatiyaya yollanıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, "qartallar"ın futbolçularından Brahim Konate zədə, Anje Mutsinzi isə viza ala bilmədiyi üçün səfərə aparılmayıb.
Komanda Zadar şəhərinə çarter reysi ilə uçacaq, oradan isə avtobusla Splitə gedəcək.
İyulun 30-u saat 21:00-da klubun baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı, saat 21:30-da isə "Polyud" stadionunda ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşq təşkil nəzərdə tutulub.
Qeyd edək ki, iyulun 31-də keçiriləcək "Hayduk" - "Zirə" oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək. Görüşü izləmək üçün Azərbaycandan 2, Avropanın müxtəlif ölkələrindən isə 15 azarkeş "Zirə"yə müraciət edib.
İyulun 23-də 8-ci km stadionunda ("Neftçi Arena") baş tutmuş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.