
"Sabah azarkeşlərimizi qələbə ilə sevindirə biləcəyimizə ümidvaram".
Sportnet.az xəbər verir ki, bunu Bolqarıstanın "Levski" klubunun qapıçısı Svetoslav Vutsov evdə "Sabah" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
23 yaşlı qolkiper komandasının qələbə seriyasını davam etdirməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Bolqarıstan millisində də çıxış edən oyunçu özünü hələlik "Levski"nin lideri saymadığını diqqətə çatdırıb: "Belə çətin dövrdə mənə ən böyük köməyi bütün məşqçilər heyəti, daha sonra komanda yoldaşlarım göstərdi. Onlar mənə güc və dəstək verdilər. Lakin ən böyük dəstək və güc ailəmlə rəfiqəmdən gəldi. Əvvəlki klubum "Slaviya"ya hörmətim var, amma "Levski"də tam fərqli hisslər keçirirəm. Biz dolu tribunalar qarşısında oynayır, özümüzü evimizdəki kimi hiss edirik".
Qeyd edək ki, avqustun 7-də Sofiya şəhərindəki Georgi Asparuxov stadionunda keçiriləcək "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Cavav görüşü avqustun 14-də Masazır qəsəbəsindəki Əlincə stadionunda təşkil olunacaq.