
"Sabah" klubunun futbolçusu Cesse Sekidika Bolqarıstanda "Levski"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü barədə danışıb.
Sportnet.az xəbər verir ki, qarşılaşmadan əvvəl təşkil olunmuş mətbuat konfransında nigeriyalı yarımmüdafiəçi Sofiya komandasını dəyərləndirib.
O, "Levski" barədə məlumatlı olduqlarını bildirib: "Çox böyük tarixə malik komandadır. Rəqibi ötən həftə ərzində analiz etmişik".
29 yaşlı vinger səfər matçından əlverişli hesabla ayrılmaq istədiklərini açıqlayıb: "Burada olmağıma çox şadam. Bu cür atmosferdə oynamağı xoşlayıram. Lakin bura gəlməyimizin səbəbi var. Bu oyundan pozitiv nəticə əldə etməyə çalışacağıq".
Qeyd edək ki, avqustun 7-də "Georgi Asparuxov" stadionunda keçiriləcək "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.