
"4 qol vurduq və qol buraxmadıq. Bu nəticədən sonra komanda üçün yaxşı vəziyyət yaranıb".
Sportnet.az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşündə Bakıda “Araz-Naxçıvan" 4:0 hesabı ilə qalib gələn Kiprin “Omoniya" klubunun baş məşqçisi Henninq Berq deyib.
66 yaşlı mütəxəssis cütün taleyinin cavab oyununda bəlli olacağını bildirib: "İşimizi cavab oyununda tamamlamalıyıq. Müdafiəyə ehtiyac olduqda bunu düzgün şəkildə etdik. Komandamın oyunundan razı qaldım".
Norveçli baş məşqçi "Dalğa Arena"nın ot örtüyündən razı qalmayıb: "Amma bu hər iki komanda üçün eyni idi. Bütün bunlara baxmayaraq hücumda yaxşı oynadıq, müdafiəmiz isə çox səviyyəli çıxış etdi".
Berq 2021-ci ildə "Qarabağ"la oyunları xatırlayıb: "Biz vaxtilə "Qarabağ"la qarşılaşanda evdə uduzmuşduq (1:4), səfərdə isə heç-heçə (2:2) etmişdik. "Qarabağ" çox təcrübəli komandadır, "Araz-Naxçıvan" isə onlarla müqayisədə daha az təcrübəyə malikdir, amma "Aris"ə qarşı çox yaxşı çıxış etmişdilər. Bugünkü oyunumuz da asan olmadı, qələbə üçün mübarizə apardıq".