
"Ağır oyun oldu. Bilirdik ki, qarşımızdakı rəqib güclü komandadır".
Sportnet.az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə Kipr "Omoniya"sına 0:4 hesabı ilə məğlub olan “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.
45 yaşlı mütəxəssis buraxılan səhvlərdən dərs çıxaracaqlarını söyləyib: "Bu tip görüşlərdə edilən səhvlər adətən cəzasız qalmır. Təəssüf ki, bu gün biz də həmin səhvlərə yol verdik. Amma əsas məsələ odur ki, bu səhvlərdən dərs çıxaraq yolumuza davam edək".
O, "Omoniya" ilə oyuna hazırlıq barədə söz açıb: “Sırf hücum edəcəyik deyə bir planla çıxmamışdıq. Oyunun gedişində bəzi istədiklərimizi həyata keçirməkdə çətinlik çəkdik. Bəzən nə qədər istəsən də alınmır – bu da məhz o cür oyunlardan biri idi. Nə etsək də axarı dəyişə bilmədik və nəticə etibarilə komanda olaraq məğlub olduq".
Baxşıyev futbolda əsas kollektiv oyunun olduğunu bildirib: "Futbolçunun özünə güvəni varsa, qarşısındakı rəqibi keçə bilər. Amma bu, təkcə fərdi ustalıqla bitmir. Düşünürəm ki, Santosun, Andradenin və İndiodalın fərdi çıxışları, texniki bacarıqları kifayət qədər yaxşı olsa da, bu cür oyunlarda tək-tək göstəricilər komandanın qələbəsi üçün yetərli olmur. Futbolda əsas kollektiv oyundur".
O, ardıcıl qollardan sonra oyuna dönməyin çətin olduğunu vurğulayıb: "Bəzən çox istəyirsən, əzmlə çalışırsan, amma alınmır. Bu da futboldur. Əsas odur ki, bu cür oyunlardan dərs çıxaraq növbəti matçlara daha hazır şəkildə çıxaq. Ümumi işimizi sosial şəbəkələr üzərindən qururuq fikri düzgün deyil. Hər bir insanın öz sərbəstliyi var və biz bunu hörmətlə qarşılayırıq. İndi isə qarşıdakı səfər oyununa tam hazırlaşmağa fokuslanmışıq".