
“Nəticəyə görə xoşbəxtəm".
Sportnet.az xəbər verir ki, bunu Bolqarıstanın "Levski" komandasının baş məşqçisi Xulio Velaskes Bakıda "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssisin sözlərinə görə, komandası ilk dəqiqələrdən tapşırıqları yerinə yetirib: "Birinci oyundakı nəticəni fikirləşmirdik. Burada da qələbə qazanmaq istəyirdik. “Sabah” fərdi olaraq keyfiyyətli oyunçulardan təşkil olunub, bizə çətinliklər yaratdılar. Amma sonda qələbə qazandıq".
O, komandasının daha rahat oynamasının səbəbini açıqlayıb: “İlk oyunla müqayisədə heyətdə cəmi 1 futbolçu dəyişikliyi var idi. Rahat görünməyimizin səbəbi budur ki, futbolçularımız qoyduğumuz tapşırıqları bilirdilər və onları yerinə yetirdikləri üçün daha komfort görünürdülər. Müdafiədə daha etibarlı olmağımızdan əlavə, məncə, hücumda da yaxşı oynayırıq. Əsas olan xətləri doğru qurmaqdır - bizim komanda bunu yaxşı bacardı. Hər rəqibdən asılı olaraq müdafiə və ya hücum oyun üslubu seçə bilərik".
İspaniyalı baş məşqçi "Levski"nin yerli və beynəlxalq oyunlarda hədəflərinin eyni olduğunu bildirib: "Avrokubok və ya ölkə çempionatının mənim üçün fərqi yoxdur. Əsas olan avrokubokda daha çox irəliləməyimzdir. “Sabah” üzərində qələbəni arxada qoymalıyıq. Sevinmək üçün cəmi 1 saatımız var. Növbəti oyuna fokuslanmalıyıq”.
Velaskes "Sabah"ı tərifləməyi də unutmayıb: "Sabah"ın çox yaxşı baş məşqçisi, eləcə də yaxşı futbolçuları var. Akim Zedadka İspaniyada "Saraqosa"da ikən mənim oyunçum olub, ona uğurlar arzulayıram. Baş məşqçi Valdas Dambrauskasa belə komanda yaratdığı üçün alqış düşür. Fərdi oyunçulardan qurulmuş maraqlı komandadır. Məncə, “Sabah”ın transfer bazarında öz dəyəri var".