
Azərbaycanlı FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Konfrans Liqasında ötən mövsümün 1/4 finalçıları İtaliya "Fiorentina"sı ilə Sloveniya "Tsele"sinin ilk pley-off matçlarını idarə ediblər.
Sportnet.az xəbər verir ki, Ağayev "Fiorentina"nın Ukrayna "Polesye"sinə qarşı səfər oyununda iş başında olub.
Slovakiyanın Preşov şəhərində təşkil olunmuş oyun Florensiya komandasının qələbəsi ilə yekunlaşıb - 3:0.
8-ci dəqiqədə "Polesye"nin qapıçısı Oleq Kudrik topu öz qapısına göndərib. 32-ci dəqiqədə Robin Qosens fərqi artırıb. 44-cü dəqiqədə Ağayev mərkəz hücumçusu Moyze Kini rəqibinə dirsək zərbəsi endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Azlıqda qalmasına baxmayaraq, "Fiorentina" 69-cu dəqiqədə Albert Qudmundssonun qolu ilə son nöqtəni qoyub.
Ağayev qırmızı vərəqədən əlavə, "Polesye"dən Sergey Korneyçuka, "Fiorentina"dan Robin Qosensə sarı vərəqə göstərib.
Məsiyev isə "Tsele" ilə Çexiyanın "Banik Ostrava" komandaları arasındakı matçda əsas söz sahibi olub. Tsele şəhərindəki eyniadlı stadionda təşkil olunmuş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 8-ci dəqiqədə Matey Çaluş öz qapısına vurub. Azərbaycanlı baş hakim Tsele"nin 3, "Banik Ostrava"nın 4 futbolçusuna sarı vərəqə göstərib.
Qeyd edək ki, 2024/2025 mövsümündə "Fiorentina" "Tsele"ni üstələyərək, (2:1, 2:2) Konfrans Liqasının yarımfinalına yüksəlib.