
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Araz-Naxçıvan" və Yunanıstan "Aris"i arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin hər iki oyununda baş vermiş insidentlərlə əlaqədar tədbirlər görüb.
Sportnet.az xəbər verir ki, Avropa futbol qurumunun açıqladığı qərarlarda iyulun 24-də keçirilmiş ilk matçda "Araz-Naxçıvan"ın uyğun olmayan davranışa yol verməsi əksini tapıb.
Eyni zamanda, "Aris"in günahı üzündən oyunun gec başladığı qeyd olunub.
Nəticədə hər iki kluba, eyni zamanda, Saloniki komandasının baş məşqçisi Marinos Uzunidisə xəbərdarlıq edilib.
Qərarda "Araz-Naxçıvan"ın uyğun olmayan davranışa cavab görüşündə də yol verdiyi vurğulanıb. Azərbaycan təmsilçisi buna görə də xəbərdarlıq alıb.
Xatırladaq ki, "Araz-Naxçıvan" "Aris"lə ilk matçında 2:1 hesabı ilə qalib gəlib, cavab görüşündə isə heç-heçə qeydə alınıb - 2:2.