
Azərbaycan Premyer Liqasının II turunda “Kəpəz”i səfərdə 1:0 hesabı ilə məğlub edən “Karvan-Yevlax”ın futbolçusu Coy Slayd Mikels oyundan sonra Sportnet.az-a fikirlərini bölüşüb:
– “Kəpəz”lə görüşdə qalib gəlməyi bacardınız. Görüşlə bağlı fikrin necədir?
– Oyun başlayanda buradakı atmosfer bizə bir az çətinlik yaratdı. İlk bir neçə dəqiqə çətinlik hiss etdik.
– Çətinlik nə ilə bağlı idi?
– Buradakı havanı nəzərdə tuturam. Yüksəklik idi. Onunla bağlı bir qədər çətinliklərimiz oldu. Amma zaman keçdikcə bunun da öhdəsindən gəldik. Hesabda 1:0 irəli çıxdıq və bu da işimizi asanlaşdırdı. Zaman keçdikcə oyunu ələ almağı bacardıq və nəticəni də gördünüz.
– Premyer Liqada ilk qolunu vurdun. Hansı hissləri keçirirsən?
– Əlbəttə, ikinci oyunda qol vurmaq mənim üçün sevindirici haldır. “Karvan”da ilk qolumdur. Komandamla qürur duyuram. Bu oyunları davam etdirəcəyik və uğurlu nəticə qazanmağa çalışacağıq.
– Ötən turda Şamaxıda süni örtüklü, bu dəfə Qəbələdə təbii örtüklü meydançada oynadınız. Bunlar haqda fikrin necədir?
– Düzdür, bizim üçün bir qədər çətindir. Ötən oyunda süni örtükdə oynamışdıq. Amma iki oyun quruluşuna və sxeminə görə fərqlidir. Təbii otda bir cür oyun alınır, süni örtükdə bir cür. Bütün komandalar üçün eynidir.
– “Kəpəz” “Karvan-Yevlax”a üç xal gözü ilə baxırdı. Nəticə əksinə alındı. Səncə, futbol camiəsini təəccübləndirə bildiniz?
– Mən elə fikirləşmirəm ki, “Kəpəz” bizdən o xalları asanlıqla ala bilsin. Çünki bizim keyfiyyətli komandamız var. Oyundan-oyuna da komandamızın keyfiyyəti daha da yaxşılaşacaq.
– Azərbaycana, Premyer Liqaya, Yevlaxa adaptasiya dövrün necə keçir?
– Təcrübəmə əsaslanaraq deyirəm ki, oyundan-oyuna bu nəticələr daha da yaxşılaşacaq.
– Növbəti turlarda qardaşlarının komandalarına qarşı rəqib olacaqsan. Bu anları səbirsizliklə gözləyirsən?
– Əlbəttə, biz bunu gözləyirik. Onlarla bu barədə də danışmışam. Müzakirələr edirik. Təbii ki, rəqabətdən əlavə biz qardaşıq. Növbəti oyunlarda bu matçlar barədə fikir söyləmək olar.
– Hər üçünüz də 20 nömrəli futbolka geyinirsiz…
– İlk təcrübəm bu nömrə ilə başlayıb. Mən özümə bu nömrəni götürdükdən sonra qardaşlarım da eyni nömrəni seçdilər.