
"Komanda oyuna yaxşı hazırlaşsa da, istədiyimiz nəticə əldə olunmadı. İlk hissədə iki qol buraxılıb, ikinci hissədə toparlanmağa çalışsaq da, səhvlər səbəbindən əlavə qol buraxdıq və uduzduq".
Bunu Sportnet.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına müsahibəsində "Kəpəz"in kapitanı Əli Səmədov "Karvan-Yevlax"a 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra deyib.
28 yaşlı yarımmüdafiəçi digər sualları da cavablandırıb:
– "Karvan-Yevlax" aşağı liqadan gələn komanda olaraq xal almaq üçün münasib rəqib hesab olunurdu. Niyə qələbə qazana bilmədiniz?
– Son 3 mövsümdə oxşar vəziyyətlər yaşanıb. Bəzən elə gəlir ki, sanki tilsimlənmişik. Qarşıda "Zirə" və "Araz-Naxçıvan"la səfər oyunlarımız var, milli fasilə zamanı komanda düzgün hazırlaşmalıdır.
– Son illərdə "Kəpəz"də baş məşqçi dəyişikliyi olurdu. Bu mövsüm də belə bir ssenari gözlənilirmi?
– Xeyr, belə bir ssenari gözlənilmir. Yeni oyunçular gec qoşulub, buna görə hamımız birlikdə çıxış yolunu tapmalıyıq.
– Oyundan sonra azarkeşlərin etirazları barədə nə deyə bilərsiniz?
– Azarkeşlər haqlıdırlar. Sponsor dəstəyi və rəhbərliyin diqqəti artır, buna görə də "Sumqayıt" və "Karvan-Yevlax" kimi rəqiblərlə oyunlarda 3 xal qazanmaq vacib idi.
– Gəncə stadionu hazırdır. Ev oyunları sizin üçün nə dərəcədə önəmlidir?
– Ev oyunları komandaya əlavə motivasiya verir. Azarkeş dəstəyi güclüdür və komandaya təzyiq göstərir. Amma bu, bəhanə deyil, əsas özümüz toparlanmalıyıq.
– Komandanın hədəfi nədir?
– Ən azı 7–8-ci pillədə qərarlaşmaq istəyirik. Premyer Liqada qalmaq əsas məqsəd deyil, lakin yuxarı pillələrə qalxmaq mümkündür.
Haşım MƏMMƏDOV