
"İlk növbədə, komandamızla fəxr edirəm".
Sportnet.az xəbər verir ki, bunu İslandiya millisinin futbolçusu İsak Berqmann Yohanesson evdə Azərbaycan yığmasına 5:0 hesabı ilə qalib gəldikləri DÇ-2026-nın seçmə qrup matçından sonra deyib.
"Dubl" müəllifi olan 22 yaşlı yarımmüdafiəçi inanılmaz dərəcədə yaxşı çıxış etdiklərini bildirib: "Bu barədə çoxları danışır, amma özünüz də gördünüz ki, biz necə yaxşı oynadıq. Göstərdik ki, müasir futbol necə olmalıdır".
O, ilk yarıda bir dəfə fərqləndikləri halda, ikinci hissədə dörd top vurmalarını belə izah edib: "Müxtəlif ideologiyalara malik oyunçularıq. Bizə sadəcə, birlikdə oynamaq lazımdır. Əlbəttə, ikinci hissəni görən hər kəs oyunumuzun necə şən alındığını bilir. Komandamla inanılmaz dərəcədə fəxr edirəm".
Azarkeşlərdən də razılıq ifadə edən Yohanesson tribunaya göndərdiyi "hava öpüşü"nün sevgilisi Aqnes Perlaya ünvanlandığını bildirib: "Hər iki qoldan sonra bunu etdim. Fasilədən sonra Aqnes vanna otağında olduğu üçün ilk öpüşümü buraxdı".
Qeyd edək ki, Almaniya "Köln"ündən dəvət almış İsak Berqmann Yohanesson 47 və 56-cı dəqiqələrdə fərqlənib.