
"İlk növbədə, futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla yaxşı qalibiyyət əldə etdilər".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyada "Benfika"ya 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçından sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis qələbədə əsas amilləri vurğulayıb: "Bu oyunda uduza da bilərdik. Çünki matçadək üstünlük rəqib tərəfdə idi. Hətta ilk hissənin əvvəllərində 2 top geri düşdükdən sonra oyunu çevirmək heç də asan görünmürdü. Amma futbolçularımdakı inam və sınmamaq, oyundan qopmamaq və vurduğumuz ilk qol bizə qalibiyyətdə kömək etdi".
Qurbanovun fikrincə, bu qələbə "Benfika"nın "Qarabağ"dan zəif olması anlamına gəlməməlidir: "Qətiyyən yox. "Benfika" həm topla davranmağı bacaran və taktiki cəhətdən ağılla futbol oynayan komandadır. Sadəcə, futbolçularımın daha çox əziyyət çəkəcəklərini və daha istəkli olacaqlarını hələ oyundan öncə bildirmişdim. Sevinirik ki, çox böyük qalibiyyət əldə etdik. Bu, Azərbaycan futbolu və klubumuz tarixində ilk qalibiyyətdir. Futbolçularımızla yanaşı, bütün azərbaycanlıları təbrik edir, "Benfika"ya gələcək oyunlarda uğurlar arzulayıram".
Baş məşqçi yerli jurnalistlərdən birinin qələbənin asanlıqla başa gəldiyi fikri ilə razılaşmayıb: "Ümumiyyətlə, son vaxtlar futbol elə səviyyəyə gəlib çıxıb ki, asan bir element yoxdur. Çünki 11 futbolçu, 11 düşünən beyin qarşı-qarşıya durur. Bu, heç də asan deyil. Sadəcə, ilk dəqiqələrdən futbolçularıma bildirdim ki, bu oyundan həzz almalıyıq. Çünki bu, Çempionlar Liqasıdır. "Daha cəsarətli olun" deyə çox üzərlərinə gedirdim. İstənilən halda və istənilən nəticədə öz oyunumuzu axtarıb tapmalı və davam etdirməyə çalışmalıyıq. Bəli, səhvlər, top itkiləri olacaq. Çünki qarşımızda daha usta komanda dururdu. Buna baxmayaraq, öz oyunumuzdan əl çəkməməli, risklərə getməliyik. Futbolçularım bunu etdilər. Hətta bəzi sadə, bəsit epizodlarda qapımızda qol da görə bilərdik. Amma inanın ki, biz bunu çox da asan qalibiyyət saymırıq, gözləmirdik. Sadəcə, bu gün bu zəfər, bu qalibiyyət bizim üçün yazılmışdı. Sevinirik ki, qələbə əldə etdik".