
Azərbaycan milli komandası MDB Oyunlarının III buraxılışına qələbə ilə start verib.
Sportnet.az xəbər verir ki, baş məşqçi Aqil Nəbiyev oyundan sonra fikirlərini bölüşüb:
“Turnirə qələbə ilə başlamaq çox xoş haldır. Çempionluq qazanmaq üçün ilk oyunu qələbə ilə başa vurmaq vacib idi. Rəqib keyfiyyətli komandadır, bir neçə oyundur onları analiz etmişdik. Onlar Rusiya millisinə qarşı 1:1 hesablı heç-heçə etmişdilər. Tacikistan millisi daha çox qaçan, meydanda mübarizə aparan, rəqibə boşluq buraxmayan və texniki cəhətdən güclü komandadır. Amma əsas önəmli olan bizim öz oyunumuz idi və nəticə olaraq qalib gəldik. Bu qələbəni bütün xalqımıza həsr edirik. Bu gün 27 sentyabr – müharibənin başlandığı anım günüdür. Başımız dik, alnımız açıq, çünki biz qalib xalqıq. Fürsətlərdən yaxşı istifadə etsəydik, hesab 2:0 da ola bilərdi. Son dəqiqələrdə vurduğumuz qol sayılmasa da, əsas odur ki, qələbə qazandıq".
Baş məşqçi Qırğızıstana qarşı keçirəcəkləri növbəti oyuna da toxunub: “Növbəti rəqibimizin bir neçə oyununu analiz etmişik. Sentyabrın 29-da Qırğızıstan millisinin Tacikistan millisinə qarşı görüşünü dərindən təhlil edəcəyik və növbəti oyun mütləq qələbə qazanmalıyıq".