Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe Afrika Millətlər Kuboku ilə bağlı mühüm açıqlamalar verib.
Sportnet.az xəbər verir ki, Motsepe 2027-ci il Afrika Millətlər Kubokunun planlaşdırıldığı kimi keçiriləcəyini bildirib.
Bundan əlavə, o, növbəti turnirin 2029 əvəzinə 2028-ci ildə təşkil olunacağını, daha sonra yeni sistemlə 4 ildən bir keçiriləcəyini diqqətə çatdırıb.
CAF prezidenti həmçinin turnirin qalibinə verilən mükafatın 7 milyon dollardan 10 milyon dollara qaldırıldığını açıqlayıb.
Bundan başqa, Motsepe 2029-cu ildən hər il keçiriləcək “Afrika Millətlər Liqası” adlı yeni turnirin yaradılacağını da təsdiqləyib. Onun sözlərinə görə, bu addım CAF üçün mühüm maliyyə mənbəyi olacaq: “Tarixən Afrika Millətlər Kuboku bizim əsas gəlir mənbəyimiz olub. Yeni yaradılacaq turnir sayəsində isə artıq hər il maliyyə gəliri əldə edəcəyik”.
Qeyd edək ki, bu qərarlar Afrika futbolunun həm idman, həm də iqtisadi baxımdan inkişafına yönəlib.





































































