Türkiyənin “Fənərbağça” klubu bir müddətdir danışıqlar apardığı Matteo Günduzinin transferində məqsədinə çatıb.
Sportnet.az italiyalı jurnalist Canluka Di Martsioya istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Latsio” ilə bütün şərtlər üzrə razılıq əldə edib.
“Sarı-lacivərdlilər” fransalı yarımmüdafiəçi üçün Roma klubuna 26 milyon avro əsas məbləğ və 2 milyon avro bonus olmaqla ümumilikdə 28 milyon avro ödəyəcək.
Günduzinin yanvarın 11-də “Latsio”nun “Verona” ilə keçirəcəyi İtaliya A Seriyasının oyunundan sonra İstanbula gələcəyi bildirilir.
Qeyd edək ki, Matteo Günduzi 14 aprel 1999-cu ildə Fransanın Puassi şəhərində anadan olub. O, futbolçu karyerasına PSJ-nin akademiyasında başlayıb. Daha sonra “Loryan”, İngiltərənin “Arsenal”, Almaniyanın “Hertha” və Fransanın “Marsel” klublarında çıxış edən yarımmüdafiəçi son olaraq “Latsio”nun formasını geyinib.
O, İtaliya komandasında bu mövsüm 16 rəsmi matçta 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı yarımmüdafiəçi Fransa millisinin formasını da 14 dəfə geyinib.











































































