İngiltərə Premyer Liqasının XXI turunda “Fulhem” və “Çelsi” komandaları üz-üzə gəliblər.
Sportnet.az xəbər verir ki, Londonun “Kreyven Kottec” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 2:1 hesablı əzmkar qələbə qazanıblar.
Matçın 22-ci dəqiqəsində “Çelsi”nin müdafiəçisi Mark Kukurelya birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 45+4-cü dəqiqədə “Fulhem”in hücumçusu Harri Uilsonun vurduğu qol VAR baxışından sonra ləğv edilib.
Hesab 55-ci dəqiqədə “Fulhem”in forvardı Raul Ximenesin qolu ilə açılıb. 72-ci dəqiqədə “Çelsi”nin hücumçusu Liam Delap tarazlığı bərpa etsə də, 81-ci dəqiqədə Harri Uilsonun qolu meydan sahiblərinə qələbə qazandırıb.
Bu nəticədən sonra “Çelsi” 21 oyundan 31 xalla turnir cədvəlinin 6-cı pilləsinə enib. Yeni baş məşqçi Liam Rosenyorun rəhbərliyi altında keçirilən ilk oyunda komanda xal itirib. “Fulhem” isə xallarının sayını “Çelsi” ilə bərabərləşdirərək 8-ci yerdə qərarlaşıb.











































































