"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin növbəti turunda rəqibi olan "Ayntraxt" Almaniya Bundesliqasının XVI turunda “Borussiya Dortmund”u qəbul edib.
Sportnet.az xəbər verir ki, “Frankfurt Arena”da keçirilən qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 10-cu dəqiqədə qonaqların hücumçusu Maksimilian Bayer açıb. 22-ci dəqiqədə “Ayntraxt”ın yarımmüdafiəçisi Can Uzun penaltidən dəqiq zərbə ilə tarazlığı bərpa edib. 68-ci dəqiqədə Feliks Nmeça “arılar”ı yenidən hesabda önə çıxarıb. Cəmi üç dəqiqə sonra meydan sahiblərinin hücumçusu Yunes Ebnutalib bərabərlik qolunu vurub. 90+2-ci dəqiqədə Mahmud Daud “Ayntraxt”ı hesabda irəli çıxarsa da, dörd dəqiqə sonra Karni Çukvuemeka Dortmund təmsilçisini məğlubiyyətdən xilas edib.
16 turdan sonra “Borussiya Dortmund” 33 xalla ikinci, “Ayntraxt” isə 26 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, əvvəlki turda “Ayntraxt” “Hamburq”la 1:1 hesablı heç-heçə edib, “Borussiya Dortmund” isə “Borussiya Mönhenqladbax”ı məğlub edib - 2:0. Növbəti turda Dino Toppmöllerin komandası 13 yanvarda “Ştutqart”la, Niko Kovaçın rəhbərlik etdiyi kollektiv isə eyni gündə "Verder”lə qarşılaşacaq. Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Ayntraxt" "Qarabağ"ın qonağı olacaq. Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlanacaq.












































































