Aparılan monitorinqlər göstərir ki, Azərbaycan futbolunda bərabərlik hüququnun və ayrıseçkiliyə məruz qalmama prinsipinin təmin olunması istiqamətində müəyyən intizam qərarları mövcuddur, lakin bu tədbirlər hələ də sistemli, preventiv və institusional səviyyədə davamlı xarakter daşımır.
Sportnet.az-ın məlumatına görə, bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Futbolda bərabərlik hüququnun təmini və ayrı-seçkiliyə qarşı mübarizəyə dair Monitorinq Hesabatında əksini tapıb.
İlkin təhlil nəticəsində aşağıdakı əsas çatışmazlıqlar müəyyən edilib:
- Azarkeşlərin təhqiramiz və irqi məzmunlu ifadələrinə görə tətbiq olunan məsuliyyət tədbirləri əsasən cərimələrlə məhdudlaşır, uzunmüddətli stadion qadağaları və
hissəvi/tam stadion bağlılığı kimi beynəlxalq səviyyədə qəbul edilmiş sanksiyalar praktikada tətbiq olunmur.
- Klubların azarkeş davranışına görə məsuliyyət daşıdığı mexanizmlərin normativ əsasları kifayət qədər dəqiq müəyyən edilməyib və bu sahədə idarəetmə standartları
stabil deyil.
- Maarifləndirmə, monitorinq, preventiv nəzarət və etik davranış üzrə davamlı proqramlar institusional şəkildə həyata keçirilmir.
- Məlumatların toplanması və ictimaiyyətə açıqlanması üzrə şəffaflıq mexanizmləri tam formalaşmayıb.
- Qara bazarda bilet alveri, qeyri-qanuni satış və sosial mühitə görə dolayı ayrı-seçkilik riskləri azarkeşlərin idman tədbirlərinə bərabər çıxış imkanlarına mənfi təsir göstərir.
- Stadionlarda texniki nəzarət və video-müşahidə infrastrukturunun tam standartlaşdırılmaması ayrı-seçkilik halları üzrə sübut bazasının toplanmasını
çətinləşdirir.
Hesabatda bildirilir ki, bu nəticələr beynəlxalq təcrübə ilə müqayisədə daha aydın görünür. UEFA və FIFA çərçivəsində tətbiq edilən sanksiyalar – uzunmüddətli azarkeş qadağaları, hissəvi/tam stadion bağlanması, yüksək maliyyə sanksiyaları, klubun xal itirməsi və ya texniki məğlubiyyəti, həmçinin bəzi Avropa ölkələrində məhkəmə məsuliyyəti tədbirləri – ayrıseçkiliyə qarşı mübarizədə daha effektiv model kimi çıxış edir. Bu təcrübə göstərir ki, yalnız cərimələrə əsaslanan intizam mexanizmləri davranışın dəyişdirilməsi üçün kifayət etmir. Hüquqi, institusional və sosial tədbirləri birləşdirən kompleks idarəetmə çərçivəsi tələb olunur.
Monitorinq çərçivəsində əldə edilən nəticələr əsasında belə qənaətə gəlinir ki, Azərbaycan futbolunda bərabərlik hüququnun tam təmin edilməsi üçün hüquqi baza, intizam mexanizmləri, klub–azarkeş münasibətləri və maarifləndirmə siyasətlərinin daha güclü şəkildə sistemləşdirilməsinə ehtiyac var.
Bu məqsədlə hazırki hesabatın tövsiyə və yol xəritəsi çərçivəsində ayrı-seçkiliklə mübarizənin gücləndirilməsi məqsədilə AFFA İntizam Qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılması, klub və azarkeş davranışına dair öhdəlik mexanizmlərinin yaradılması, FanID və şəffaf biletləşmə sisteminin tətbiqi, stadionlarda nəzarət infrastrukturunun təkmilləşdirilməsi, AFFA – Gənclər və İdman Nazirliyi – Ombudsman əməkdaşlığının genişləndirilməsi və diskriminasiya əleyhinə maarifləndirmə proqramlarının institusional əsasda həyata keçirilməsi kimi tədbirlərin görülməsi irqi və etnik ayrı-seçkilik risklərinin azaldılmasına, idmanda bərabərlik mühitinin formalaşmasına və 2027 FIFA U-20 Dünya Çempionatına ev sahibliyi edən ölkə kimi Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsinə mühüm töhfə verəcək.













































































