"Zirə"nin əvəzedici heyətində çıxış edən Ramiz Muradov "Şamaxı"ya keçib.
Sportnet.az-ın məlumatına görə, bu barədə CBC Sport-a "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov açıqlama verib.
Sadıqov bildirib ki, 21 yaşlı mərkəz yarımmüdafiəçisi mövsümün sonunadək bölgə klubuna icarəyə verilib.
Sadıqov bu keçidin "Şamaxı"dakı həmkarı Ayxan Abbasovun istəyi ilə gerçəkləşdiyini bildirib: "Klub olaraq, yerli gənc futbolçulara şans vermək istəyirik. Lakin hamımız başa düşürük ki, bu, Azərbaycan Premyer Liqasındakı rəqabət üzündən bir qədər çətindir. Ramiz Muradov qış fasiləsinədək əvəzedici heyətdə çox fəal idi, çox yaxşı oyun sərgiləyirdi. Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışımızda Rumıniya "Çiksereda"sı ilə 3:3 hesablı heç-heçə etdiyimiz yoxlama oyununda forma geyindi. Matçın ardında Ayxan Abbasov Ramizi "Şamaxı"da görmək istədiyini bildirdi. Danışıq oldu, Bakıya döndükdən sonra o, ən azı yayadək "Şamaxı"nın heyətində olacaq".

Qeyd edək ki, "Zirə" Antalya toplanışını yanvarın 16-da Ukraynanın "Aleksandriya" (2:3) və Çexiyanın "Bohemians 05" (1:3) komandalarına qarşı yoxlama oyunları ilə başa vurub.












































































