"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze qış fasiləsindəki yoxlama görüşləri zamanı texniki zonada öz köməkçiləri ilə birlikdə yer almayıb.
Sportnet.az-ın məlumatına görə, bu, gürcüstanlı mütəxəssisin Azərbaycan Premyer Liqasının qarşıdakı 4 turunda cəzalı duruma düşməsi ilə əlaqədardır.
AFFA İntizam Komitəsinin qərarına əsasən, Tsxadadze XVI turun "Qarabağ"la ev oyununda (1:2) hakimləri təhqir etdiyi üçün uzunmüddətli diskvalifikasiyaya məruz qalıb. Qərara əsasən, Baş məşqçi "Şamaxı" - "Qəbələ", "Qəbələ" - "İmişli", "Neftçi" - "Qəbələ" və "Qəbələ" - "Sabah" matçlarında texniki zonaya buraxılmayacaq. O, yalnız XXI turun "Sumqayıt" - "Qəbələ" qarşılaşmasında komandasına birbaşa göstərişlər verə biləcək.
Bunun nəzərə alan Tsxadadze yoxlama matçlarında futbolçulara göstərişlərini texniki zonadan yox, əks tərəfdən verib. Beləliklə, baş məşqçi özünü həm də texniki zona kənarından göstəriş verməyə hazırlayıb.
Xatırladaq ki, "Qəbələ" yoxlama oyunlarında "Kəpəz"i 3:1, "Araz-Naxçıvan"ı 1:0, "Baku Sportinq"i 7:1 hesabı ilə məğlub edib.







































































