“Milan”ın futbolçusu Niklas Füllkruq İtaliya komandasında ilk qolunu sınıq barmaqla vurub.
Sportnet.az-ın məlumatına görə, bu, A Seriyasının XXI turunda “Leçe” üzərində 1:0 hesablı qələbənin qazanıldığı görüşdə baş verib.
Yeganə qola 76-cı dəqiqədə məhz 33 yaşlı hücumçu imza atıb.
Qarşılaşmanın ardından Füllkruq "Sky Sport Italia"ya açıqlamasında bildirib ki, onun ayaq barmağının sınması sirr deyil. Amma o, ağrıya dözə biləcəyini və heç bir oyunu buraxmaq istəmədiyini əlavə edib: “Mən almanam, biz güclüyük, ağrıya dözə bilirik. Mən bunun öhdəsindən gələ bilərəm və "Milan"ın heç bir oyununu buraxmaq istəmirəm”.
Oyun öncəsi futbolçunun zədələndiyi açıqlanıb. Onun bərpasına təxminən iki həftə lazım gələcəyi gözlənilir.
Qeyd edək Niklas Füllkruq "Milan"a yanvarın 2-də İngiltərənin “Vest Hem” klubundan icarə əsasında keçib. İtaliya klubunda o, artıq 5 oyuna çıxıb (onlardan biri start heyətində) və 1 qol vurub.












































































