"İlk növbədə, Azərbaycan futbolu naminə komandamıza uğurlar arzulayıram. Arzu edək ki, qalib gələrək, xalını 10-a çatdırsın və pley-off şanslarını davam etdirsin".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Vidadi Rzayev "Qarabağ"ın bu gün Almaniya "Ayntraxt"ına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçında şansları barədə danışarkən deyib.
Təcrübəli mütəxəssisin sözlərinə görə, "Ayntraxt"ın baş məşqçisi Dino Topmöllerin istefaya göndərilməsindən sonra yeni məşqçilər heyətinin işə başlaması Frankfurt təmsilçisinin toparlanmasına səbəb ola bilər: "Adətən, belə hallarda futbolçular yaxşı oyun göstərirlər. Digər tərəfdən, "Qarabağ" ətrafında da "O futbolçu gedir, bu futbolçu gedir" deyə xeyli söz-söhbət yaranmışdı. Futbolçuların Çempionlar Liqasında çıxış etmələri başqa klubların skautlarının da diqqətlərini cəlb edib. "Qarabağ"ın bu vəziyyətdən necə çıxdığı da maraqlıdır. Komandanın psixoloji durumunun nə vəziyyətdə olduğunu baş məşqçi Qurban Qurbanov bizdən yaxşı bilir. Komandanı da oyuna o kökləyəcək. İnanıram ki, bu axşam "Qarabağ" qalib gələcək".
Rzayev "Qarabağ"ın 10 qolundan heç birini yerli futbolçunun vura bilməməsini Azərbaycan futbolunun ümumi problemi ilə əlaqələndirib: "Hücumçularla yanaşı, pleymeyker və qapıçılar da adətən, xaricdən transfer olunur. Arzu edirəm ki, öz oyunçularımız da qol vursunlar. Düzdür, Nəriman Axundzadəni Niderland "Ayaks"ına qarşı çıxışına görə çox tənqid etdilər. Artıq ona perspektivli futbolçu da demək olmur, çünki bu il 22 yaşı tamam olacaq. Bir azərbaycanlı kimi ondan da qol gözləyirik. Amma səviyyəli hücumçularımız olmadığından, hücum xəttində legionerlərə üstünlük verilir. Yerlilərdən isə qolçu kimi ümid ona və Musa Qurbanlıya qalır".
Ötənlərin tanınmış yarımmüdafiəçisi Axundzadə əleyhinə tənqidlərə də münasibət bildirib: "Nəriman cəmi iki il əvvəl Bakıda Avropa Liqasının pley-off matçında Portuqaliya "Braqa"sının qapısına həlledici qolu vurduqda onu milli qəhrəman etmişdilər. Amma indi birdən-birə futbolçunu nərdivanla qaldırıb yerə çırpmaq da düzgün deyil. Özü pis futbolçu deyil. Qurban müəllim kim hazırdırsa, onu da oyuna buraxır. İnanmıram ki, Axundzadəni sırf azərbaycanlı futbolçu qol vursun deyə, meydançaya buraxsın. Qolu kimin vurmasının fərqi yoxdur, əsas odur ki, komanda qələbə qazansın. Hamımız bunu istəyirik".
Rzayev tənqidlərlə üzləşən daha bir futbolçu Marko Yankoviç barədə də fikirlərini bölüşüb: "Yankoviç komandanın ən yaxşı oyunçularından biridir. Baxmayaraq ki, bu il 31 yaşı tamamlanacaq. Amma yenə də aparıcı futbolçulardan sayılır. Ümumiyyətlə, "Qarabağ"da lider çoxdur, illərdir birlikdə oynadıqlarından, aralarında anlaşılmazlıq olmur. Komandada ən xoşladığım futbolçu Kevin Medinadır, son zamanlar Elvin Cəfərquliyev artırıb. Yankoviç isə orta sahənin lideridir".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayntaxt" matçı saat 21:45-də başlanacaq.













































































