"Qarabağ" Azərbaycan Premyer Liqasının XVII turunda "Azersun Arena"da "Kəpəz"ə 0:2 hesabı ilə uduzub.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Azər Bağırovu, onun komandasını təbrik edirəm. Yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar. Çox istəkli idilər. Öz futbolçularıma gəldikdə, deyəcək bir söz yoxdur. Alınmayanda alınmır. Çempionata yaxşı başlamaq istəyərdik. Bir daha göründü ki, asan oyun olmayacaq. Bütün matçlara maksimum hazırlıq və motivasiya ilə çıxmalıyıq. Qarşıdakı günlərdə "Liverpul"la oyuna hazırlaşmalıyıq.
- Transferlərlə bağlı vəziyyət nə yerdədir?
- Danışıqlar gedən futbolçular var. Başa düşürük ki, yeni oyunçular lazımdır. Futbolçu gətirmək elə də asan deyil. Artıq komandalar daha təcrübəli olublar, bir-birini yaxşı tanıyırlar. Nəticələr göstərir ki, daha aktiv olmalıyıq, oyunlara məsuliyyətlə yanaşmalıyıq. Hər xal bizim üçün dəyərlidir. İnşallah yaxşı olar.
- Bəhlul Mustafazadə üçün Çin klubundan təklif gəlib?
- Təkcə Bəhlulla deyil, digər futbolçularla da maraqlananlar var. Təkliflər gəlir. Hazırda "Liverpul"la oyuna köklənmişik. Hələ konkret qərar verilməyib.
- Bədavi Hüseynovun zədəsi ciddidir?
- Bəli, ciddi görünür. Başında şiş var idi. Çox böyümüşdü. Açığı, özüm də görüb pis oldum.
- Almaniya "Ayntraxt"ı ilə Çempionlar Liqasındakı oyunda qazandığınız qələbənin bugünkü məğlubiyyətdə rolu varmı?
- O cür qalibiyyətdən sonra bu məğlubiyyətin ümumilikdə rolu var. Amma bunu səbəb kimi qəbul etməli deyilik. Mən də, futbolçular da peşəkarıq. Əvvəlcədən hazırlıq görür, götür-qoy edirik. Bəzən alınmır, futbolçular bizi daha yaxından tanıyır, daha inamlı olurlar və sanki təxmini bilirlər ki, belə oyunlardan sonra komanda hansı vəziyyətdə olacaq. Bu gün istəməzdim ki, heyətdə çoxlu dəyişiklik edim. Amma göstəricilərə baxdıq, oyun fərqli idi. Abdullah Zubir və Coni Montieli "23-lüy"ə ümumiyyətlə daxil etməmişdik. Çünki onlar həddindən artıq yüklənmişdilər. Montiel böyük oyunlarda nə vaxtdır çıxış etmirdi, birdən-birə o cür oyunda forme geyinirdi. Ona görə ehtiyat edirdik. Zubirin göstəriciləri isə "Ayntraxt"la matçda həddindən artıq yuxarı idi. Ona görə ehtiyatlandıq və fərdi məşq verdik ki, sabahkı məşqə tam hazırlaşsınlar. Bütün çempionatlarda o cür böyük oyunlardan sonra məğlubiyyətlər olur. Çempionlar Liqasında elə komandalar var ki, öz liqalarında 8 - 12-ci yerlərdə gedirlər. Hansı ki, lider komandalardırlar. Normal haldır, uyğunlaşmalıyıq. Bu cür itkilərimiz gələcəkdə də olacaq.
- Mənim bir tanışım var, sizə bunu çatdırmağımı xahiş etdi. Niderland "Ayaks"ına 2:4 hesabı ilə uduzduğunuz Çempionlar Liqasının VI tur matçından sonra istəmədən haqqınıza girdiyini bildirdi və haqqınızı halal etməyinizi xahiş etdi. Ümumiyyətlə, haqqınıza girənlərə haqqınızı halal edirsiniz?
- Mənə deməyə də, xəbər göndərməyə də bilərlər. Haqqım varsa, hamıya halal edirəm. Amma ümumilikdə mənə çox insan yaxınlaşıb deyib ki, haqqınızı halal edin, sizin haqqınızda düz fikirləşməmişik. Bu, neçə illərdir, bəlkə də 10-15 ildir davam edir. Demək olar ki, bütün yerlərdə belə insanlar var. Tanımadan biri haqqında fikir yürüdəndə belə hallar olur. Heç bir problem yoxdur. Yəqin ki, bundan sonra da elə hallar olacaq. Olmasa da, müraciətə ehtiyac yoxdur. Haqqım halaldır. Bilməz olmaz, bu dünyadan bəlkə daha tez köçdük. Tez köçsək, haqqım hamıya halaldır.
- "Kəpəz"ə məğlubiyyətə görə futbolçuları cəzalandıracaqsınız?
- Xeyr. Oyundan sonra danışdıq, futbolçulara motivasiya verdim. Futbolun özəlliyi, gözəlliyi odur ki, düşünmədiyin nəticələr olur, düşünmədiyin oyunu göstərirsən. Qarşındakı rəqibə həmişə dəyər vermək lazımdır. Bu gün onlar qalib gəliblərsə, haqlarıdır. Lazım olunan vaxtlarda cərimələr olub. Amma bugünkü oyundan sonra cərimələr olmayacaq.
- Elvin Cəfərquliyevə Türkiyənin "Fənərbağça" və digər Avropa klublarından təklif gəldiyinə dair iddialar doğrudur?
- Məndə belə məlumat yoxdur. Mənə belə xəbərlərin yazıldığını dedilər, amma heç bir təklif və məlumat yoxdur.












































































