Azərbaycan milli komandası Danimarka ilə növbəti yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Bakı İdman Sarayında təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:2.
İlk oyunla müqayisədə bu dəfə millinin baş məşqçisi Yevgeni Kukseviç "14-lük"də 3 dəyişiklik edib. Emin Kürdov, Kamran Hacıyev və Qüdrət Qasımzadənin əvəzinə Rövşən Hüseynli, Cavad Məmmədov və Tofiq Əliyev protokola daxil edilib. Məqsəd toplanışa dəvət alan bütün futzalçıları yoxlamaqdan ibarət olub. Nurlan Məmmədov isə səhhətində yaranmış problemlə əlaqədar bu görüşlərdə iştirak edə bilməyib.
Hesab 8-ci dəqiqədə açılıb. Rəqibdən topu “oğurlayan” azərbaycanlı futzalçılar qol sevinci yaşadı. Boş qapını dəqiq nişan alan Fərid Abbasov olub.
15-ci dəqiqədə rəqib status-kvonu bərpa etsə də, 18-ci dəqiqədə meydan sahibləri yenidən üstünlük qazanıblar. Bu dəfə Fərid Abbasov əla ötürmə ilə Emil Həsənzadənin fərqlənməsinə şərait yaradıb.
30-cu dəqiqədə Cavad Məmmədov birbaşa qırmızı vərəqə alıb və Azərbaycan millisi 2 dəqiqə azlıqda oynamalı olub. Bu da rəqibin işinə yarayıb. Onlar 30-cu dəqiqədə hesabı bərabərləşdiriblər.
Lakin b ərabərlik cəmi 1 dəqiqə davam edib. Bu dəfə Ədalət Ələkbərli rəqibindən sıyrılaraq qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb. 34-cü dəqiqədə rəqib tam heyətlə hücumda olan zaman topu tutan Rövşən Hüseynli boş qapını nişan almaqla fərqi 2 topa çatdırıb.
Yoldaşlıq oyunu
24 yanvar
16:00. Azərbaycan – Danimarka - 4:2 (2:1)
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov
Qollar: Fərid Abbasov, 7:18, Emil Həsənzadə, 17:58, Ədalət Ələkbərov, 30:39, Rövşən Hüseynli, 33:09 - Mads Falk, 14:53, Ruben Vinther, 29:55
Sarı vərəqələr: Murad Quluzadə, 38:22 - Esajas la Kour, 2:35
Qırmızı vərəqə: Cavad Məmmədov, 28:53
Azərbaycan: 12. Rövşən Hüseynli (q, k), 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 15. Novruz Kazıxanov, 19. Cavad Məmmədov (q), 3. Kənan Manafov, 5. Oktay Rüstəmli, 9. Murad Quluzadə, 11. Eldar Zeynalov, 14. Tofiq Mikayılov, 17. Ədalət Ələkbərov, 18. Tofiq Əliyev, 20. Fərid Abbasov
Baş məşqçi: Yevgeni Kukseviç
Danimarka: 1. Villiam Rams (q), 5. Mohammed Youseef, 6. Abbas Zankaneh, 10. Mads Falk (k), 15. Tobias Veng, 16. Niklas Fuchs-Kristiansen (q), 2. İbrahim Badran, 3. Ruben Vinther, 4. Kornelius Ambek-Norgaard, 7. Kasper Rasmussen, 8. Rasmus Philipsen, 9. Esajas la Kour, 11. Hans Riken, 12. Zlatan Henic
Baş məşqçi: Nikolay Saabye
Bakı İdman Sarayı.
Qeyd edək ki, Azərbaycan millisi Danimarka ilə yanvarın 22-də keçirdiyi ilk yoldaşlıq görüşündə 1:4 hesabı ilə uduzub.
















































































