Edəcəyimiz bir şey yoxdur. Ağır məğlubiyyət aldıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov səfərdə "Sabah"a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis ilk dəqiqələrdən buraxdıqları səhvləri ağır məğlubiyyətə səbəb göstərib: "Çətin oyun olacağını bilirdik. Bu matça çox ciddi hazırlaşmışdıq. Komandanı oyuna maksimum dərəcədə kökləmək istədik. Bilirdik ki, "Sabah"ın heyətində güclü futbolçuları var. Necə oynayacaqları barədə də futbolçulara təhlillər zamanı göstərmişdik. İlk dəqiqələrdən xırda səhvlər etdik. Təbii ki, bu cür rəqiblərlə matçda bu tip xırda səhvlər qapıda qolla nəticələnir. Erkən qollar istər-istəməz bizə təsir etdi".
Məmmədov səhvlərdən nəticə çıxaracaqlarını söyləyib: "Çalışacağıq ki, matçlardakı səhvləri təhlillər zamanı futbolçulara göstərək və həftə ərzində hazırlaşaq. Çünki 4 gündən sonra oyunumuz var. Ciddi hazırlaşacağıq. Futbolçularım bu gün meydanda mübarizə aparmağa çalışdı. Belə oyunlar olur. Qarşıdakı matçlara hazırlaşacağıq".
Baş məşqçi Premyer Liqada qalmaq uğrunda mübarizədə əsas rəqibləri olan "Kəpəz" və "Qəbələ"nin səfər qələbələrindən sonra vəziyyətlərinin çətinləşdiyini etiraf edib. O mövsümün sonunadək mövcud heyətlə davam edəcəklərini diqqətə çatdırıb: "Bizim üçün çətindir. Amma son ana kimi komandamız vuruşacaq. Bizi qarşıda yaxşı oyunlar gözləyir. Artıq transferlər bitib. Bu heyətlə davam edəcəyik. Qarşıdakı matçlarda qələbə qazanmalıyıq".

















































































