Ermənistan Futbol Federasiyasının (FFA) hakimi Samvel Ovsepyan federasiya ilə əməkdaşlığı dayandırdığını açıqlayıb.
Sportnet.az xəbər verir ki, Ovsepyan Facebook səhifəsində paylaşdığı geniş açıqlamada FFA rəhbərliyini hakimlərə qarşı laqeyd münasibətdə, zəif müdafiədə və sistemli problemlərdə ittiham edib.
O bildirib ki, uzun illər FFA-nın hakimlər korpusunda çalışıb, Ermənistanın yeniyetmələr çempionatlarında yüzlərlə oyunu idarə edib, birinci və yüksək qrupların matçlarında hakimlik edib. Buna baxmayaraq, referi artıq federasiya rəhbərliyinin verdiyi dəyişiklik vədlərinə inanmadığını və bu səbəbdən fəaliyyətini müvəqqəti dayandırdığını vurğulayıb.
Hakim açıqlamasında erməni ədalət təmsilçilərinin hazırda layiqli və koordinasiyalı müdafiədən məhrum olduğunu qeyd edib. Onun sözlərinə görə, həm paytaxt İrəvanda, həm də regionlarda — istər yeniyetmələr, istərsə də peşəkar futbol səviyyəsində hakimlərə qarşı təhqir və zorakılıq halları geniş yayılıb, lakin FFA bu problemlərin həlli üçün faktiki olaraq heç bir addım atmır.
Ovsepyan həmçinin bildirib ki, ilk oyununu 2017-ci ildə idarə etməsinə baxmayaraq, bu müddət ərzində hakimlərin maaşları bir dəfə də artırılmayıb. Onun fikrincə, həyatın bütün sahələrində qiymətlərin artdığı bir dövrdə bu vəziyyət hakimlik üçün ciddi risklər yaradır və nəticədə arbitrlər həddindən artıq yüklənir.
Açıqlamada qeyd olunub ki, hakimlər korpusu daxilində problemlərin müzakirəsi və daxili iclasların təşkili cəhdləri rəhbərlik tərəfindən “sabotaj” kimi qiymətləndirilir və nəticədə hakimlər oyun təyinatlarından və təlim siyahılarından kənarlaşdırılır.
Ovsepyan gənclər çempionatlarının keçirildiyi şəraitə də toxunaraq, stadionların vəziyyəti, regionlarda futbolun koordinasiyası və qayda pozuntularına görə cəzasızlıq məsələlərinin futbol ictimaiyyətinə açıq şəkildə izah olunmalı olduğunu bildirib. O, sonda vurğulayıb ki, Ermənistan futbolunda dəyişikliklər artıq alternativ deyil və qaçılmazdır.










































































