Braziliya “Flamenqo”su İngiltərə "Vest Hem"indən Lukas Paketanı transfer edib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilədək müqavilə imzalanıb.
Paketa yeni komandasında 20 nömrəli forma ilə çıxış edəcək.
Jurnalist Fabritsio Romanonun məlumatına əsasən, “Flamenqo” bu transfer üçün “Vest Hem”ə 42 milyon avro ödəyib. Bu məbləğ Braziliya futbolu tarixində rekord göstəricidir.
Qeyd edək ki, Lukas Paketa “Flamenqo”nun yetirməsidir. O, 2019-cu ildə Braziliya klubundan İtaliya “Milan”ına transfer olunub. Yarımmüdafiəçi 2022-ci ilin yayından “Vest Hem”də çıxış edib və bu müddət ərzində bütün turnirlərdə 139 oyunda iştirak edərək 23 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalına görə, braziliyalı futbolçunun hazırkı bazar dəyəri 35 milyon avro təşkil edir.
















































































