Azərbaycan Premyer Liqasında XVIII turun ilk yarısı gərgin anlarla əlamətdar olub.
Sportnet.az-ın məlumatına görə, 32-ci dəqiqədə qonaq komandadan Kvabena Ovusu hücumda olduğu vaxt meydan sahiblərinin müdafiəçiləri Mateus Silva və Kevin Medinanın müdaxiləsindən sonra yerdə qalıb.
Baş hakim Elçin Məsiyev oyunu dayandıraraq, Ağdam komandasının qapısına cərimə zərbəsi təyin edib. Bu isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun sərt etirazına səbəb olub. O, narazılığını referiyə də bildirib. Məsiyev isə Qurbanova şifahi xəbərdarlıqla kifayətlənib.
Bundan cəmi 2 dəqiqə sonra isə futbolçular arasında münaqişə baş verib. "Qarabağ"ın yarımmüdafiəçisi Coni Montiel hazırda "Turan Tovuz"da çıxış edən komandanın sabiq orta sahə oyunçusu Filip Ozobiçlə kəllə-kəlləyə gəlib. Bu zaman Ozobiç özünü yerə ataraq, Montielə qırmızı vərəqə göstərilməsini istəyib. Məsiyev isə hər iki futbolçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 1:0.












































































