Baş hakim Kamranbəy Rəhimovun videotəkrara Azərbaycan çempionatına xas olmayan rekord sürətlə və cəmi bir rakursdan yarı-yarımçıq baxdıqdan sonra tələsik qərar çıxarması isə ayrı bir mövzudur. Liqamızda bəzən açıq-aşkar, təmizliyinə şübhə olmayan qolların VAR tərəfindən “səssiz” yoxlanması dəqiqələr alır. Dəfələrlə olub ki, ekran qarşısına dəvət edilən hakim epizodu uzun-uzadı incələyir, bir neçə rakurs tələb edir. Bu oyunda isə baş hakimin monitora yaxınlaşması ilə xarakterik VAR hərəkətini göstərib 11 metrlik nöqtəyə işarə etməsi arasında 20 saniyə oldu, ya olmadı... Maraqlıdır ki, “Neftçi”nin qapısında gördüyü son 4 topu məhz hakimlər “vurub”. Bu qolların hamısı ya xətalı 11 metrlik zərbə qərarından sonradır, ya da qol hücumunda qayda pozuntusu olub. Artıq adıçəkilən “Karvan-Yevlax” oyunundakı penalti, “Kəpəz”lə görüşdə növbəti dəfə (!) VAR-ın müdaxiləsi ilə təyin edilən və sonradan yenə Hakimlər Komitəsi sədrinin yanlış qərar kimi təsdiqlədiyi 11 metrlik zərbə və “Şamaxı” ilə matçda daha bir səhv penalti qərarı. Təbii ki, VAR müdaxiləsindən sonra.
Bu oyunda rəqibin hər iki qolunda qayda pozuntusu var. 1-ci qoldan əvvəlki hücumda hakimin köməkçisinin “gözündən yayınan” az qala 5 metrlik ofsayd da unudulmamalıdır. Paylaşılan şəkildə də aşkar görünür ki, rəqib futbolçu ötürmə anında oyundankənar vəziyyətdədir. Amma hakim oyunu dayandırmır və davamında gələn künc zərbəsindən “Neftçi”nin qapısına qol vurulur.
Ümumiyyətlə, “Neftçi” bu mövsüm yanlış hakim qərarlarından ən çox əziyyət çəkən komandadır. Təqdim etdiyimiz videoda əks olunanlar o səhvlərin yalnız daha qabarıq şəkildə önə çıxanlarıdır. Ədalətsiz hakim qərarları və yanlış VAR müdaxilələri ilə “Neftçi” bu mövsüm ciddi xal itkilərinə məruz qalıb və belə görünür ki, bu proses davam edir.
Azərbaycan futbolunun təməl daşı, ölkənin ən qədim və köklü klubu olan “Neftçi”nin tarixi şərəfli səhifələrlə zəngindir. Bizim böyük qələbələrimiz olub və bundan sonra da olacaq. Lakin futbolçuların və məşqçilərin meydandakı əziyyətinin bir əl hərəkəti, səriştəsiz hakimlərin xətalı qərarları ilə yerə vurulması nə qəbul edilməlidir, nə də buna göz yumulmalıdır.
Biz AFFA Hakimlər Komitəsindən bu səhvləri buraxmış şəxslər haqqında ciddi ölçü götürməsini, hakimlərin, hakim köməkçilərinin, dördüncü hakimlərin, videotəkrar hakimlərinin bütün oyunlarda, o cümlədən də “Neftçi”nin matçlarında daha diqqətli olmalarını tələb edirik. Çünki mövsümün həlledici hissəsində istənilən yanlış və qərəzli qərar yüzlərlə insanın çoxaylıq əməyini puç edir, azarkeşlərdə ölkə futbolundakı hər kəs bərabər yanaşmaya olan inamı sarsıdır.
“Neftçi”nin heç bir hakim köməyinə ehtiyacı yoxdur, amma bizə qarşı edilənlərə də biganə qalmayacağıq. Futbol ictimaiyyətinin “Neftçi”nin bu haqq səsinə səs verəcəyinə ümid edir, Misli Premyer Liqasının bundan sonrakı oyunlarında ədalətin bərqərar olacağına inanırıq.














































































