"Sabah" komandası ilə 3:3 hesablı heç-heçə ilə bitən Azərbaycan Premyer Liqasının XXII tur matçında Musa Qurbanlı son qolu vuraraq, "Qarabağ"ı məğlubiyyətdən xilas edib. Qarşılaşmanın ardından 24 yaşlı hücumçu Sportnet.az-a müsahibə verib...
- "Qarabağ"ın üçüncü qolundan sonra meydançanın kənarında baş vermiş gərginliyin qələbə topunu vurmağınıza maneçiliyi oldumu?
- Əlbəttə. Bu cür gərgin və maraqlı oyunda futbolçular, məşqçilər və texniki heyət üzvlərinin emosiyalarına hakim ola bilməmələri hardasa normaldır. Belə hallar qarşılaşmaya bir az da rəng qatır. Amma digər tərəfdən, matçın tempini öldürür. Temp düşməsəydi, vaxtımız olsaydı və bu hadisə baş verməsəydi bəlkə qələbə qolunu da vura bilərdik. Amma qismət belə imiş...
- Sizin qolunuz olmasaydı, çempionluq əldən gedə bilərdi. Amma artıq şanslarınız yenə davam edir. Sizcə, "Qarabağ" hədəfə çata biləcəkmi?
- Hələ irəlidə çoxlu oyun var. Hər görüşdə xal itirməməyə, qələbə qazanmağa maksimum çalışacağıq. Şansımız heç də bitməyib, kifayət qədər var. Son oyunumuzadək çempionluq üçün vuruşacağıq.
- Almaniya "Ayntraxt"ı ilə Çempionlar Liqası matçında meydançaya sonradan daxil oldunuz və Bəhlul Mustafazadənin qələbə topunda əməyiniz az olmadı. Daha sonra "İmişli" ilə Premyer Liqa oyununda komandanıza 3 xal gətirən qolu vurdunuz. İndi isə bərabərlik qolunun müəllifi oldunuz. Öz çıxışınızı necə dəyərləndirirsiniz?
- Düzdür, yenə meydançaya sonradan girdim və qol vurdum. Amma nə vaxt oynasam, çalışıram ki, komandama fayda verim. Bundan ötrü maksimum gücümü ortaya qoyuram. Gərgin qrafikimiz var. Gərək hər kəs bütün bacarığını nümayiş etdirsin ki, nəticə əldə edə bilək. Lakin hələ öz üzərimdə işləməli olduğum məqamlar çoxdur. Meydançada nə qədər olsam, komandama o qədər fayda verməyə çalışıram.
- "Sabah"ın məşqçisi Valerio Zuddasın komandanızın məşqçisi Müşfiq Hüseynova qarşı qeyri-etik davranışından yəqin ki, məlumatlısınız. Bu barədə nə deyə bilərsiniz?
- Bilmirəm bu barədə nə deməyim... Hərə öz mədəniyyətini göstərir. Belə bir hal olubsa, əlbəttə, xoş deyil. Bəlkə də oyunun gərginliyi üzündən emosiyalarını cilovlaya bilməyib. Hər halda, belə hadisələr nə qədər az olsa, o qədər yaxşıdır.
- Stadiondakı ab-hava necə idi?
- Möhtəşəm! Azarkeşlərimizə təşəkkür edirəm. Kaş, hər bir oyunda belə dəstək, ab-hava olardı və qarşılaşmalar da maraqlı keçərdi.
Haşım MƏMMƏDOV













































































